REGİONLAR
Ağır atletika üzrə yığmamızın Göygöl rayonunda komanda təlim-məşq toplanışı davam edir VİDEO
Göygöl, 17 iyun, Elcan Məmmədov, AZƏRTAC
Ağır atletika üzrə Azərbaycan yığma komandası Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır.
Federasiyadan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, atletlərimiz qarşıdakı beynəlxalq yarışlara hazırlıqlarını Emil Əliyevin rəhbərlik etdiyi məşqçilər heyətinin tapşırıqları əsasında davam etdirirlər. Bunun üçün yığma komandanın üzvləri lazımi şəraitlə təmin olunub.
Ağır atletika üzrə milli yığma komandanın baş məşqçisi Emil Əliyev atletlərimizin qarşıdakı yarışlara böyük həvəslə hazırlaşdığını deyir: “İlk dəfədir ki, bizim heyət Göygöl Olimpiya İdman Kompleksində məşq edir. Burada şərait çox gözəldir. Ən əsası da idmançılarımız həvəslidir. Hər səhər tezdən bizim məşqlər başlayır və günorta nahar fasiləsinə qədər davam edir. Sonra idmançılara sərbəst istirahət üçün vaxt verilir. Axşam yenidən onlar məşqlərə cəlb olunur və daha sonra sərbəst istirahət üçün vaxt verilir. Ən əsası çalışırıq ki, özlərini zədələnmə hallarından qorusunlar”.
“İlk dəfədir ki, Göygöl rayonunda olub, burada məşq edirəm. Hədəfim İslam Oyunlarında ölkəmə qızıl medalı gətirməkdir. Burada gecə-gündüz yorulmadan məşq edirik. İnşallah hədəflərimizə nail olarıq”,- deyə milli yığmamızın üzvü, İslam Oyunlarının bürünc mükafatçısı Elnarə Abbasova deyib.
İdmançılardan Ömər Cavadov atletlərimizin qarşısına qoyduğu hədəflərin beynəlxalq arenada uğur qazanmaq olduğunu bildirib: “Qarşımızda hazırda iki hədəf var - İslam Oyunları və Gənclərin Avropa Çempionatı. Bunun üçün hər gün məşq edirik. Yığmamızda isə böyük ruh yüksəkliyi var”.
Göygöldəki toplanış iyun ayının 28-nə qədər davam edəcək. Buna qədər yığma komanda Sumqayıt Olimpiya İdman Kompleksi və Şüvəlandakı Ağır Atletika Akademiyasında toplanışda olub.