Ağalı kənd sakini: Böyük Qayıdışın ilk iştirakçıları olmaqdan qürur duyuruq VİDEO
Zəngilan, 19 iyul, Elmir Səftərov, AZƏRTAC
Hazırda sevincimin həddi-hüdudu yoxdur. Kənd camaatı ilə birlikdə doğma yurdumuza qayıtmışıq. Bu qayıdışın ardı gələcək, bütün məcburi köçkünlərimizin torpaq həsrəti sona yetəcək.
Bunu AZƏRTAC-a müsahibəsində Zəngilan rayonunun Ağalı kənd sakini Möhtubbət Səmədov deyib.
Kənddə yaradılan şəraitdən razılığını ifadə edən M.Səmədov bildirib: “Otuz il idi sanki yaşamırdım. Bu gündən həyatımı yenidən yaşamağa başlamışam. Bu sevinci bizə yaşadanlara - Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla, Ordumuza minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Torpaqlarımız igid oğulların qanı, canı bahasına geri qaytarıldı. Bizim də borcumuz öz yurd-yuvamıza qayıtmaq, torpaqlarımıza yeni nəfəs vermək və bununla da uğrunda canını vermiş şəhidlərimizin ruhunu şad etməkdir. Ağalı kəndində çox gözəl şərait yaradılıb. Böyük Qayıdışın ilk iştirakçıları olmaqdan qürur duyuruq”.