İkiillik fasilədən sonra Şamaxı Astrofizika Rəsədxanası turistləri qəbul etməyə başlayıb – REPORTAJ VİDEO
Şamaxı, 20 iyul, Rəşad Türkoğlu, AZƏRTAC
Pandemiya səbəbindən son iki ildə qapılarını turistlərin üzünə bağlayan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası turistləri qəbul etməyə başlayıb. Rəsədxanaya daxil olan yerli və xarici qonaqlar ərazidə olan teleskoplarla, muzeylə, digər eksponatlarla tanış ola biləcəklər.
Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən rəsədxana ziyarətçiləri gecə və gündüz təyin edilən vaxtlarda qəbul edir. Burada fəaliyyət göstərən astronomik muzeyə giriş ödənişlidir. Böyüklər üçün giriş 3, kiçiklər üçün 2 manat, məktəbəqədər uşaqlar üçün isə pulsuzdur.
Rəsədxanada Qalaktika, Ulduz, Günəş və digər planetlərin müşahidəsi aparılır. Sadə vətəndaşların da göy cisimlərini izləmək imkanı var. Gecə vaxtı teleskopla baxmaq hava şəraitindən asılı olaraq təşkil olunur. Qiymətlərə gəlincə böyüklər üçün 6 manat, uşaqlar üçün 3 manat nəzərdə tutulub.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Səbahəddin Alışov deyib ki, pandemiyadan sonra ekskursiyalarımızın bərpa olması rəsədxanaya üz tutan yerli və xarici turistlərin sayını xeyli artırıb. “Gündüz gələn qonaqları muzeylə tanış edirik. Rəsədxana ərazisində olan teleskoplardan biri turistləri üçün ayrılıb, gecə gələn qonaqlara səma cisimlərini teleskoplarla göstəririk.
Qeyd edək ki, Pirqulu Astronomiya Stansiyasında 1957-ci ildə ilk teleskop - Xromosfer-Fotosfer Günəş teleskopu qurulub. 1959-cu ildə isə 200 mm-lik fotoelektrik teleskop istifadəyə verilib və onun vasitəsilə ərazinin astroiqliminin öyrənilməsi məsələsi öz həllini tapib. 1962-ci ildə Üfüqi Günəş teleskopu 1964-cü ildə AST-452 teleskopu,1970-ci ildə AZT-8 teleskopu, 1980-cı ildə “Zeiss-600” teleskopu istifadəyə verilib.
Xatırladaq ki, 2009-2013-cü illərdə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında, Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında yenidənqurma işləri aparılıb. Rəsədxananın yaşayış bölməsi tamamilə yenilənib, baş korpusu əsaslı təmir olunub. Yeni laboratoriya korpusu tikilib və teleskoplar yerləşən binalar əsaslı təmir olunub, bir sıra yardımçı obyektlər istifadəyə verilib. İkimetrlik teleskop tam modernləşdirilərək avtomatlaşdırılıb.