MƏDƏNİYYƏT
Azərbaycan Varşavada keçirilən “Diplomatiya sənəti” sərgisində təmsil olunub VİDEO
Varşava, 20 oktyabr, AZƏRTAC
Polşanın paytaxtı Varşavada növbəti dəfə keçirilmiş “Diplomatiya sənəti” (Art of diplomacy) sərgisində ilk dəfə olaraq Azərbaycan da təmsil olunub. Sərgi Diplomatik Missiya Rəhbərlərinin Həyat yoldaşları (SHOM) xeyriyyə təşkilatının təşkilatçılığı və ölkədə fəaliyyət göstərən səfirliklər və Lajenki Kral Muzeyinin dəstəyi ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, məşhur Lajenki Kral Muzeyində baş tutmuş sərgidə diplomatlar, mədəniyyət və incəsənət xadimləri, KİV təmsilçiləri, eləcə də muzeyin ziyarətçiləri iştirak ediblər.
Ölkəmiz sərgidə xüsusi dəvət olunmuş qonaq qismində həvəskar sənətkar Sara Kazımovanın iynə işi, muncuq toxuması və tikmə motivlərindən ibarət kolleksiyası ilə təmsil olunub. S.Kazımovanın əl işləri, onlarda təsvir olunan Azərbaycana məxsus zəngin və rəngarəng Şərq tikmə motivləri və ornamentlər həm iştirakçılar, həm də ziyarətçilər arasında maraqla qarşılanıb.
Azərbaycanın Polşadakı səfirliyinin nümayəndələri Azərbaycan stendində ölkəmizin mədəniyyəti və incəsənəti haqqında sənətsevərlərlə məlumat veriblər. Sərgidə istifadə olunan əsərlərlə əlaqədar, dekorativ-tətbiqi sənətin müxtəlif növləri, istifadə olunan müxtəlif növ sap, parça, muncuq və digər bədii materiallar haqqında qonaqlar məlumatlandırılıb.
Sərgi Varşavadakı diplomatik korpusun sənət qabiliyyətli üzvlərinin sərgisi hesab olunur. Sərgi zamanı həmçinin, rəngkarlıq, ebru sənəti, toxuculuq, ipək boyama, keramika sənəti, zərgərlik, əl işləri ilə bağlı əsərlər nümayiş olunub.
Sərgi 10 gün müddətində Varşavanın məşhur Lajenki Kral Parkının və Muzeyinin qonaqlarının ziyarətinə açıq olacaq.
AZƏRTAC-ın xüsusi müxbiri