MƏDƏNİYYƏT
Özbəkistanın Nəvai vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılışı olub VİDEO










Bakı, 24 oktyabr, AZƏRTAC
Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində bu ölkənin Nəvai səhərinin "Farhod" Mədəniyyət Sarayında möhtəşəm açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi və Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə reallaşan tədbirlər ölkənin Daşkənd vilayəti ilə yanaşı, Buxara, Səmərqənd və Nəvai vilayətlərini də əhatə edib.
Tədbirdə Nəvai vilayət hakimiyyətinin rəsmiləri, vilayətin elm, mədəniyyət, təhsil sahəsi üzrə xadimləri, Azərbaycandan gələn qonaqlar, universitet tələbələri, jurnalistlər və s. iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Nəvai vilayət rəhbərinin müavini Sədullo Mirzoyev tədbir iştirakçılarını salamlayaraq Özbəkistan-Azərbaycan arasında günü-gündən yüksələn münasibətlər, ölkə başçıları arasında keçirilən faydalı görüşlər haqqında danışaraq, ilk dəfə olaraq vilayətdə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin böyük mədəni hadisə olduğunu vurğulayıb. O, vilayətdə Azərbaycana, onun mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına böyük maraq olduğunu bildirərək, bu cür mötəbər tədbirin təşkilinə görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında Azərbaycan və özbək xalqlarının münasibətlərinin daim yüksək səviyyədə olduğunu, qədim şəhərlərimiz arasında tarixi İpək yolu boyu həm iqtisadi, həm də mədəni sahədə geniş əməkdaşlığın mövcudluğunu vurğulayıb. O, 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunduğunu, bu münasibətlə həyata keçirilən layihələr barədə məlumat verərək 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda Ermənistan tərəfindən yurd yerlərimizin, tarixi abidələrimizin tamamilə dağıdılması faktından danışıb.
2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi, tarixi ədalətin bərpa olunduğunu vurğulayan diplomat, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində Azərbaycan-Özbəkistan arasında əlaqələrin bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva dövlətimizin Özbəkistanla əməkdaşlığa mühüm önəm verdiyini, dərin tarixi və ortaq köklərə, xalqlarımız arasında dil, din, mədəniyyətlərimizin yaxınlığını xüsusi vurğulayıb.
Qənirə Paşayeva mədəniyyət və ədəbiyyat sahəsində əlaqələrimiz haqqında danışaraq, Nizami Gəncəvi və Əlişir Nəvai, Hüseyn Cavid və Abdurrauf Fitrat, Qafur Qulam və Səməd Vurğun arasında dostluq əlaqələri haqqında fikirlərini bölüşüb və bu münasibətlərin bu gün də uğurla davam etdiyini söyləyib.
Türk dünyası arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışan Qənirə Paşayeva Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə keçirilən Azərbaycan mədəniyyət və ədəbiyyatı günləri tədbirləri çərçivəsində milli mədəniyyətimiz və xalqlarımız arasında dostluq və həmrəyliyə dair çoxsaylı tədbirlərin, layihələrin reallaşdığını qeyd edib.
Tədbir möhtəşəm konsert proqramı ilə davam edib. Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova və Səmərqənddə keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalının Qran-Pri mükafatçısı, tarzən Sahib Paşazadə milli musiqilərimizi səsləndiriblər.
Konsertdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Kaykeb Aliyeva adına Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.
Tədbirdə Azərbaycan və Özbəkistan milli naxışları, koloritlərini özündə əks etdirən milli libaslar kolleksiyası nümayiş etdirilib.
Qeyd edək ki, geyimlər azərbaycanlı modelyer-dizayner Afaq İsmayılzadə tərəfindən hazırlanıb. Milli libaslar “Qarabağ şikəstə”sinin sədaları altında Nəvai Dövlət Universitetinin tələbə qızları tərəfindən təqdim olunub.
Geyimlərin arasında “Xarıbülbül” kompozisiyası tamaşaçıların maraq və alqışları ilə qarşılanıb.