Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə tədbiri keçirilib VİDEO










Bakı, 30 mart, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ağacəkmə tədbirləri bu gün də davam edib.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət İmtahan Mərkəzinin rəsmiləri və əməkdaşlarının, eyni zamanda, könüllülərin iştirakı ilə keçirilən ağacəkmə zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev “Heydər Əliyev İli” çərçivəsində agentliyin tədbirlər planı hazırladığını və bugünkü ağacəkmə aksiyasının da həmin planın bir hissəsi olduğunu deyib: “Ulu Öndər öz ömrünü Azərbaycan dövlətinin inkişafına, xalqının rifahına həsr edən dahi siyasətçidir. Xalqımız Ümummilli Liderin əvəzsiz xidmətlərini yüksək qiymətləndirərək onun əziz xatirəsini dərin ehtiramla yad edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə mirası, əmanəti, onun zəngin və çoxşaxəli irsi isə Azərbaycan xalqının sərvətidir. Hər bir qurum Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün müxtəlif tədbirlər həyata keçirir. Ümummilli Liderin 100 illik yubileyi ilə əlaqədar olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. Müşfiqabadda keçirilən ağacəkmə aksiyası da həmin planın bir bəndidir. Bundan başqa, tədbirlər planında agentliyin fəaliyyət istiqamətləri ilə əlaqədar müxtəlif təkmilləşdirmə işlərinin həyata keçirilməsi məsələləri də yer alıb”.
Ulu Öndər Heydər Əliyevin ətraf mühitin qorunmasına, yaşıllıqların mühafizəsi və sahəsinin artırılmasına xüsusi diqqət yetirdiyini deyən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rəfail Quliyev bildirib ki, belə tədbirlərin keçirilməsi dahi siyasətçinin miras qoyduğu ənənələrə sadiqliyin bir göstəricisidir. O, nazirliyin kollektivinin hər zaman bu cür tədbirlərdə aktiv iştiraka hazır olduğunu diqqətə çatdırıb.