“CBC” telekanalının lentə aldığı sənədli film Afrikada izləyicilər arasında böyük rezonans doğurub VİDEO
Bakı, 19 avqust, AZƏRTAC
“CBC” telekanalının lentə aldığı sənədli film Afrikada izləyicilər arasında böyük rezonans doğurub.
AZƏRTAC xəbər verir ki, Afrikanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan telekanalının bu sənədli filmi ilə bağlı məqalələr də yayımlanıb.
Ümumilikdə 46 dəqiqəlik sənədli film Fransanın Afrika ölkələri, xüsusilə də Mali ilə bağlı siyasətindən bəhs edir, Fransa bu gün faktiki olaraq yeganə müstəmləkə imperiyası olaraq qaldığı vurğulanır. “Mali. Fransanın müstəmləkə irsinin öhdəsindən gələrək” adlı sənədli filmdə, həmçinin fransızların xüsusi amansızlıqla seçildikləri və qan tökdükləri Malinin necə müstəmləkəyə çevrilməsindən danışılır. Belə ki, Malini ələ keçirən fransızların ölkənin çoxəsrlik dövlətçiliyini məhv etdikləri barədə məlumat verilir.
Qeyd olunur ki, Afrikada müstəmləkələrin formalaşması prosesində qəbilələr arasında tarixi əlaqələr məhv edilib, tarixi yaddaşla yanaşı, qəbilə kimliyi silinib, milli dillər sıxışdırılıb istifadədən çıxarılıb. Bütün bunlarla yanaşı, bu proses boyu xalqlar arasında etnik qarşıdurma təbliğ və təşviq edilib.
Diqqətə çatdırılır ki, bu gün müstəqil ölkə olmasına baxmayaraq, Mali hələ də Fransa müstəmləkəçiliyinin fəsadlarından qurtula bilmir. Fransa uzun illər ərzində ölkənin bütün sərvətlərini talayaraq, yerli sakinləri yoxsul həyata məhkum edib.
Filmin müəllifləri ölkənin müxtəlif hissələrinə səfər edib və sadə Mali sakinlərinin həyat və məişət şəraiti ilə tanış olublar. Bu isə öz növbəsində Malidə vəziyyətin necə olmasına dair tam təsəvvür əldə etməyə imkan verib.