“Yeraltı dünya”nın vacib adamları: Vətən müharibəsindən maşinistliyə, 34 illik təcrübə - METRODAN REPORTAJ VİDEO
Bakı, 6 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC
Kütləvi sərnişin daşınmasında şəhər əhalisi üçün mühüm əhəmiyyət kəsb edən “Bakı Metropoliteni” QSC 56 il əvvəl ilk metro qatarının hərəkətə gətirilməsi ilə fəaliyyətə başladı. Həmin gün paytaxt Bakının, eləcə də bütün Türk ölkələrinin tarixinə əlamətdar gün kimi daxildir. Çünki Bakıdakı yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi Türk ölkələri arasında qurulan ilk metropoliten idi.
1967-ci il noyabrın 6-da 5 stansiyadan - “Bakı Soveti” (indiki - “İçərişəhər”), “26 Bakı komissarı” (indiki - “Sahil”), “28 Aprel” (indiki - “28 May”), “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarından ibarət 9,2 kilometrlik yeraltı xətti istifadəyə verilən və o vaxtdan böyük inkişaf yolu keçən Bakı metrosunun hazırda 38,8 kilometr uzunluğunda 3 xətti, 26 stansiyası var.
Paytaxt sakinlərinə və qonaqlarına göstərilən yüksək xidməti sayəsində yeraltı dəmiryolu şəhər nəqliyyatı sistemində layiqli yerini tutaraq sevilən ictimai nəqliyyata çevrilib. Məhz bu səbəbdən “Bakı Metropoliteni” QSC-nin zəhmətkeş kollektivinin əməyi dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə noyabrın 6-sı Metropoliten İşçilərinin Peşə Bayramı Günü kimi təsis olunub.
AZƏRTAC Metropoliten İşçilərinin Peşə Bayramı Günü ilə bağlı “Bakmil” stansiyasından reportaj hazırlayıb.
Qatar “Bakmilə”ə gedir... Bu sözü eşidən bütün sərnişinlər vaqonu tərk etsə də, maşinist öz qatarı ilə birgə depoya yola düşəcək. Şübhəsiz ki, “Bakı Metropoliteni” QSC-də maşinist kimi fəaliyyət göstərmək olduqca məsuliyyətli peşədir. Hər gün on minlərlə insanı bir ünvandan digərinə təhlükəsiz qaydada daşımaq peşəkarlıq tələb edir. Peşəkarlıq isə təcrübəyə əsaslanır. Bu səbəbdən “Bakmil”ə yola düşdük və “Bakı Metropoliteni” QSC-nin 34 illik işçisi Məhəbbət Kazımovla həmsöhbət olduq. O, 1989-cu ildə sıravi işçi kimi fəaliyyətə başlayıb. Lakin M.Kazımov burada olduğu müddət ərzində əsl arzusunun metropolitendə maşinist işləmək olduğunu kəşf edir: “Ümumiyyətlə, uşaqlıqdan arzularım uğrunda daim çalışmışam. Metropolitenə işə düzəldiyim zaman bura sadəcə iş olaraq baxırdım. Ancaq müəyyən dövrdən sonra metro mənim ikinci evim oldu”.
Maşinist olmaq üçün gecə-gündüz imtahanlara hazırlaşdığı dövrləri xatırlayan Məhəbbətin üzündəki gülümsəmə onun öz peşəsinə olan sevgisinin göstəricisi idi: “Necə deyərlər çəkilən zəhmət hədər getməz. Mənim də zəhmətim hədər olmadı. 1993-cü ildə imtahanlardan yüksək nəticələrlə keçdim və 2009-cu ilə qədər davam edən maşinist fəaliyyətim başladı”.
Demək olar ki, 16 ilin hər günü on minlərlə metro sərnişinlərinin həyat məsuliyyətini daşıyan Məhəbbət hazırda təlimatçı-maşinist vəzifəsində işləyir. Hər bir təlimatçı-maşinist öz tabeliyində olan maşinistlərin hazırlanması, onların nizam-intizam qaydalarına nəzarət, bilik səviyyəsinin yüksəldilməsi məsuliyyəti daşıyır. “Bakmil”də olduğumuz zaman bütün maşinistlərin hər səhər idarədə fəaliyyət göstərən həkim nəzarətindən keçdiyinin şahidi olduq.
Söhbət zamanı Məhəbbət bunun səbəbini sərnişinlərin təhlükəsizliyi olduğunu dedi: “Maşinistin sağlamlığında yarana biləcək kiçik bir problem minlərlə insanın həyatını riskə ata bilər. Bizim peşəmizin ilk prinsipi də qatarı tam təhlükəsiz şəkildə idarə etməkdir. Bunun üçün maşinistlər öz təcrübə səviyyəsini artırmaq üçün davamlı şəkildə müəyyən təlimlərə cəlb edilirlər. Bilirsiniz, bizim aramızda belə bir söz var ki, əsl maşinist olmaq üçün gərək 10 il stajın olsun”.
Məhəbbətlə söhbət zamanı yerin altında işləməyin çətinliklərini vurğulasa da, o, öz peşəsi haqda qürurla danışır: “Qismət olsa, 5 ildən sonra yaşım etibarilə pensiyaya çıxacağam. Ancaq bu atmosferdən ayrılmaq mənə çox çətin gəlir. Tək təsəllim təlimatçı-maşinist olaraq yüzlərlə savadlı maşinistlərin yetişdirilməsində iştirak etməyimdir. Necə deyərlər, özümdən sonra bayrağı savadlı və peşəkar maşinistlərə təhvil verəcəyəm”.
Məhəbbətin qeyd etdiyi gənc maşinistlərdən biri də Bəxtiyar Həbiblidir. Söhbət zamanı öyrəndik ki, qatar idarə etmək Həbibin uşaqlıq xəyalı olub: “Təəssüf ki, hər bir uşağa öz xəyalındakı peşəyə yiyələnmək nəsib olmur. Ancaq mən öz arzum uğurunda sözün əsl mənasında mübarizə apardım. Azərbaycan Dövlət Dəmir Yolu Liseyini bitirdikdən sonra “Bakı Metropoliteni” QSC-yə maşinist ixtisası üzrə müraciət etdiyim zaman məni imtahan verməyə çağırdılar. İmtahanlardan müvəffəqiyyətlə keçdikdən sonra “Bakı Metropoliteni” QSC-də işlə təmin olunmaq üçün maşinist ixtisası kurslarına qoşuldum. Kursun ilk 3 ayı maşinistlərin nəzəri bilik səviyyəsini artırmaq üçündür. Daha sonra isə praktiki təlimlər keçirilir. Lakin təlimlərin ikinci ayı tamam olmadan Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsi başladı”.
Həbib hər bir vətənpərvər azərbaycanlı gənc kimi öz arzularını yarımçıq qoyub könüllü şəkildə Vətənin haqq mübarizəsinə qoşulub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq Zəfərdən sonra Həbib ordu sıralarından maşinist ixtisası üçün təlimlərə qaldığı yerdən davam edir: “Təlimlər yekunlaşdıqda maşinist ixtisası üzrə sonuncu imtahandan da uğurla keçdim. Artıq iki ildir ki, maşinist kimi fəaliyyət göstərirəm. Bizim peşə kənardan baxanlara çox maraqlı gəlsə də, olduqca çətindir. Maşinist olmağın ən çətin hissəsi ondan ibarətdir ki, depodan qatarla xəttə çıxdığımız vaxtdan yenidən depoya qayıtdığımız vaxta qədər qatarda olan bütün avadanlıqların vəziyyətinə, sərnişinlərə cavabdeh maşinistin özüdür. Sözsüz ki, məsuliyyəti ağır olsa da, mən öz ixtisasımla qürur duyuram”.
“Bakmil”də olduğumuz zaman təlimlərin və təcrübələrin maşinistlər üçün vacibliyini bir daha gördük. Hər bir maşinist davamlı olaraq təlimlərə cəlb edilir. Onların daşıdığı yük qatarların həcmindən qat-qat böyükdür.
Hazırda “Bakı Metropoliteni” QSC-də, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyalarının sayı isə 76-ya çatacaq.