“Bütün şəhidlərimizin, o cümlədən qardaşımın qisasını aldıq” - Vətən müharibəsinin iştirakçısı VİDEO
Cəlilabad, 7 noyabr, İlkin Adıyev, AZƏRTAC
Vətən müharibəsində minlərlə oğullarımız qəhrəmanlıq nümayiş etdirdi. Onların qəhrəmanlıqları sayəsində torpaqlarımız işğaldan azad olundu. Düşmən Azərbaycan əsgərinin qarşısında tab gətirə bilməyərək, silah-sursatını ataraq qaçmağa başladı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşmənin canına qorxu salan igidlərimizdən biri də riyaziyyat müəllimi Aqil Nəzərovdur.
Aqil müəllimin keçdiyi şərəfli döyüş yoluna nəzər saldıqda onun necə qorxmaz və cəsur bir döyüşçü olduğunun bir daha şahidi olursan.
Nəzərov Aqil Mirzəbala oğlu 1978-ci il dekabrın 26-da Cəlilabad şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.

Universiteti bitirən il leytenant hərbi rütbəsini alaraq Murovdağda yerləşən hərbi hissədə xidmətə başlayıb. Aqil Nəzərov hazırda Cəlilabad rayon Komanlı kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyət göstərir.

44 günlük müharibə başlayan kimi döyüşə yollanaraq Füzulidən Şuşaya qədər şərəfli döyüş yolu keçən Aqil Nəzərov deyib: “2020-ci il sentyabrın 27-də əks hücum əmr verilən kimi Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərə qatıldım. Çox çətin və ağır döyüşlərimiz oldu. Amma biz hər addım irəli getdikcə daha da ruhlanırdıq. Çünki dövlətimizə inanırdıq, bilirdik ki, qalib gələcəyik. Bizdə olan bu inam mənfur düşmən üzərində qələbə qazanmağımıza kömək edirdi. Müharibənin öz qaydaları olsa da, yalnız bir amal uğrunda döyüşürdük - düşməni məhv etmək və qalib gəlmək”.

Döyüş meydanında əsgər və zabitlərimiz Azərbaycan əsgərinin igidliyini bütün dünyaya göstərdi. Ölümün gözünə dik baxmaq, şəhid olmaq onlar üçün ən ali məqam idi. Döyüşlərdə təəssüflər olsun ki, şəhidlərimiz də oldu. Amma buna baxmayaraq, şəhidlərimizin qisası alındı, torpaqlarımız azad edildi.
“Birinci Qarabağ müharibəsində qardaşım Rövşən Nəzərov igidliklə şəhid olub. Məzarı önündə söz vermişdim ki, onun qisasını alacağam. Şükürlər olsun ki, Vətən müharibəsində iştirak etdim. Bütün şəhidlərimizin, o cümlədən qardaşımın qisasını aldıq”, - deyə Vətən müharibəsinin iştirakçısı bildirib.
Qeyd edək ki, Aqil Nəzərov Vətən müharibəsindəki göstərdiyi qəhrəmanlıqlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən "Füzulinin azad olunmasına görə" , "Şuşanın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.