Xaçmazın iki kəndində yağış sularının çəkilməsi üçün texnikalar cəlb olunub- YENİLƏNİB VİDEO
Xaçmaz, 13 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda yağışın yaratdığı fəsadlar aradan qaldırılır.
Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Nabran inzibati ərazi dairəsi üzrə nümayəndəliyə daxil olan Tel kəndində dörd evin həyətyanı sahəsinə, Şimali kəndində isə bir neçə küçəyə yağış suları dolub. Komissiya üzvləri tərəfindən əraziyə baxış keçirilib, hazırda xüsusi texnikalar vasitəsilə fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.
10:25
Xaçmaz rayonunda bir neçə gündür yağan güclü yağış nəticəsində yaranmış sel suları fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Tel kəndində küçələri və bir neçə evin həyətyanı sahəsini su basıb.
Kənd sakinləri bildiriblər ki, güclü yağış davam etdiyindən suyun səviyyəsi getdikcə artır və evlərə dolmaq ehtimalı var.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Nabran inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəzakət İskəndərova AZƏRTAC-a bildirib ki, sel sularının yaratdığı fəsadların aradan qaldırılması üçün əraziyə müvafiq dövlət qurumlarının texnikası və canlı qüvvəsi cəlb olunub.
“Bir neçə gündür dayanmadan güclü yağış yağır. Kəndin həmin hissəsindən yeni asfalt yol çəkilib. Yağış nəticəsində yaranan sel suları yolun aşağısına axmadığından toplanaraq ərazini basıb. İndi həmin əraziyə texnika göndərmişik. Sel sularının qarşısı açılacaq. Ərazidə toplanan su da axıb gedəcək”, - deyə Nəzakət İskəndərova əlavə edib.