Xudat şəhərində xəstəxana binası əsaslı təmir olunur - REPORTAJ VİDEO
Xaçmaz, 15 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda 65 il əvvəl Xudat Şəhər Xəstəxanası kimi fəaliyyətə başlayan ikimərtəbəli bina əsaslı təmir olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təmirdən sonra tibb müəssisəsində müasir standartlara cavab verən kliniki müayinələrin aparılması və Təcili Tibbi Yardım (acil) xidmətlərinin genişləndirilməsi mümkün olacaq.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sifarişi ilə həyata keçirilən təmir bərpa işlərinin altı ay ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanası direktorunun inzibati işlər üzrə müavini Murad Həbibov bildirib ki, Xudat şəhəri Xaçmaz rayonunun ikinci ən böyük yaşayış məntəqəsidir. Burada 20 mindən çox əhali yaşayır. Əvvəllər burada fəaliyyət göstərən şəhər xəstəxanası ətraf kəndləri də əhatə etməklə 60 minə yaxın əhaliyə xidmət göstərirdi.

“Xudat Şəhər Xəstəxanası 2020-ci ildən ölkə ərazisində İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar Ailə Sağlamlıq Mərkəzi və Xudat şəhər TTY bölməsi kimi fəaliyyət göstərir. Tibb müəssisəsinin balansında olan, 1958-ci ildə tikilmiş 2 mərtəbəli binada TTY xidmətlərinin genişləndirilməsi və digər kliniki müayinələrin aparılmasının müasir standartlara çatdırılması məqsədilə hazırda TƏBİB tərəfindən əsaslı təmir işləri həyata keçirilir. Burada yaradılacaq TTY bölməsində kliniki laboratoriya, rentgen və ultra səs müayinə kabinetləri, həmçinin təcili tibbi xidmətin göstərilməsi üçün qırımız zona fəaliyyət göstərəcək”, - deyə Murad Həbibov bildirib.
Yeni binada təcili əməliyyatlar, həmçinin əməliyyatlardan sonrakı reanimatik xidmətlər həyata keçiriləcək. Burada həkimlər üçün müayinə və müşahidə, eyni zamanda, təcili tibbi yardım briqadaları üçün xüsusi otaqlar inşa edilir. Tibb müəssisəsi müasir tibbi avadanlıqlarla tam təchiz olunacaq. Binada müasir isitmə, soyutma və havalandırma sistemləri də quraşdırılacaq.

Tikinti direktoru Ceyhun Əbilhəsənov deyib ki, təmir işlərinə 2023-cü il noyabr ayından başlanılıb. Hazırda binada söküntü və paralel olaraq tikinti-bərkitmə işləri həyata keçirilir.
“İşlər qrafik üzrə davam edir. Hazırda ikimərtəbəli binaya yeni əlavə olunan hissə üçün bünövrənin tökülməsi, hörgü və otaqların bölünməsi işlərini görürük. Tikinti sahəsi 800 kvadratmetrə yaxındır. Binanın dam örtüyü də tamamilə yenilənəcək. Təmir işlərinin növbəti mərhələsində binada elektrik, havalandırma və istilik sistemlərinin quraşdırılmasına başlanılacaq”, - deyə Ceyhun Əbilhəsənov söyləyib.