MDB PA-nın rəsmisi: Azərbaycanda prezident seçkiləri ilə bağlı geniş təşkilati işlər aparılıb VİDEO
Bakı, 7 fevral, AZƏRTAC
Qrupumuzdakı hər bir müşahidəçi gün ərzində seçki məntəqələrində olacaq. Fikrimcə, hər bir həmkarım orta hesabla 10-15 seçki məntəqəsinə getmək fürsəti əldə edəcək. Məntəqə açılana qədər (7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsi - red.) biz seçki qutularına baxdıq, müvafiq möhürlərin, seçicilərin yaşayış yerlərini müəyyən edən cihazların mövcudluğuna əmin olduq, məntəqə seçki komissiyasının sədri ilə söhbət etdik. Bütövlükdə görünür ki, Mərkəzi Seçki Komissiyası, dairə və məntəqə seçki komissiyaları böyük təşkilati iş aparıblar. Bu iş sayəsində seçkilərin sakit ab-havada və bayram əhvali-ruhiyyəsində keçirilməsi mümkün olub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun koordinatoru, Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov bildirib.
“Biz MDB ölkələrinin Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçilər qrupunu təmsil edirik. Qrupumuza 38 nəfər daxildir. Bunlar öz işinin peşəkarları - senatorlar, deputatlar, vəzifəli şəxslər, MDB PA Şurası Katibliyinin ekspertləridir. Biz 6 dövləti təmsil edirik. Bu, növbədənkənar Azərbaycan Prezidenti seçkilərində səsverməyə hazırlıq və səsvermə prosesini müşahidə edən səlahiyyətli missiyalardan biridir”, - deyə koordinator qeyd edib.
Onun sözlərinə görə, MDB PA-nın müşahidəçilər qrupu öz işinə hələ ötən il dekabrın 18-də başlayıb və Azərbaycan qanunvericiliyini beynəlxalq standartlara, xüsusən də Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə, mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktlara, bir çox başqa konvensiya və sazişlərə hansı dərəcədə uyğun olduğunu təhlil edib. “Parlamentlərarası Assambleyanın beynəlxalq təsisatının rəyinə əsasən, Azərbaycan qanunvericiliyi beynəlxalq standartlara uyğundur. Eyni zamanda, biz bu seçkilərə hazırlığın monitorinqini apardıq. Prezidentliyə namizədlərin seçki qərargahlarında görüşlər keçirilib, dövlət orqanlarının nümayəndələri ilə görüşmüşük, seçkilərlə bağlı məsələləri müzakirə etmişik və öz tövsiyələrimiz vermişik”, - deyə J.Asanov əlavə edib.