Xocalıda 24 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO
Xocalı, 29 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Xocalı şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Xocalıya çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 24 ailə olmaqla, 88 nəfər Xocalı sakini doğma yurduna qovuşub.
Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Ailələr açarları sevinc hissi ilə təhvil alaraq, yeni evlərində məskunlaşıblar.
13:58
Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Xocalıya çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocalı 32 ildən sonra doğma sakinlərini qarşılayır. Bu gün 24 ailə olmaqla, 88 nəfər Xocalı sakini öz yurduna qovuşub.
Xocalı şəhərində coşqu ilə qarşılanan ailələr doğma yurda qovuşmağın sevincini yaşayıblar.
Bununla da Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin olunub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərin bir qrupu ilə görüşüb, onlara evlərinin açarlarını təqdim ediblər.