18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün master-klas keçirilib
Bakı, 19 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının təşkilatçılığı ilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün fotoqrafiya sənətinə həsr edilmiş master-klas keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir uşaqların asudə vaxtlarının mənalı keçirilməsi, onların psixoloji və emosional inkişafı, həmçinin sosial reabilitasiyasına dəstək məqsədi daşıyıb.
19 avqust - Dünya Fotoqrafiya Gününə həsr olunan master-klasda iştirakçılara fotoqrafiya sənəti, fotoqrafiyanın tarixi, janrları, həmçinin foto avadanlıqları haqqında məlumat verilib.
Xüsusi qayğıya ehtiyacı olan 20-dən çox uşağın iştirak etdiyi tədbir studiya çəkilişləri, qrup işləri və fərdi tapşırıqların yerinə yetirilməsi ilə yekunlaşıb.