Aqrar Sığorta Fondu müstəqil aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirir VİDEO


Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizminin əhatə dairəsi genişlənməkdədir. Hazırda bu mexanizm üzrə ölkədə 450 min hektara yaxın əkin əraziləri sığortalanıb. Aqrar sığortanın əhatə etdiyi əkinlərə buğda, arpa, qarğıdalı və pambıqla yanaşı, fındıq, çəltik, şəkər çuğunduru, günəbaxan, qarpız, əksər meyvə bağları və digər bitkilər də aiddir. Sığortalanan əkin sahələri artdıqca, sığorta hadisələrinin və onların tənzimlənməsinə tələbat da yüksəlməkdədir.
AZƏRTAC xəbər verir ki, Aqrar Sığorta Fondunda müstəqil aqrar sığorta ekspertlərinin hazırlığı üzrə növbəti təlimlərə start verilib.
Fondun 2024-cü il ərzində artıq sayca ikinci olan bu təlimində ölkənin müxtəlif bölgələrini təmsil edən 75 namizəd iştirak edir. Təlimlərdə namizədlərə əkin sahələri və təsərrüfatlarda baş verən hadisələrin araşdırılması, fermerlərə dəyən zərərin səbəblərinin müəyyən edilməsi, dəymiş zərərin hesablanması üzrə biliklər verilir.
Təlimlərin başlanması ilə əlaqədar keçirilən tədbirdə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov aqrar sığortanın əhatəsinin sürətlə genişləndiyi dövrdə müstəqil aqrar sığorta eksperti institutunun vacibliyini qeyd edib.
Fond sədri bildirib ki, aqrar sığorta ekspertlərinin sayının artması və bütün ölkəni əhatə etməsi sığorta hadisələri ilə bağlı müraciətlərə daha tez reaksiya verməyə, hadisə nəticəsində dəyən zərərlərin daha sürətli tənzimlənməsi və fermerlərə ödənişlərin daha tez həyata keçirilməsinə imkan verəcək.
Fuad Sadıqov vurğulayıb ki, bu ilin ilk 7 ayında baş verən sığorta hadisələri Aqrar Sığorta Fondunun sığorta etdiyi əkin sahələrinin 140 min hektarını əhatə edib. Bu ilin əvvəlindən indiyədək (2024-cü ilin ilk 7 ayında) təsərrüfatlarda baş verən hadisələr üzrə Aqrar Sığorta Fonduna 1700-ə yaxın müraciət daxil olub: “Bu müraciətlər ümumilikdə təqribən 140 min hektar əkin sahəsinə aiddir. Ən çox müraciətlər buğda, arpa, qarğıdalı, pambıq, şəkər çuğunduru, fındıq, günəbaxan və tütün bitkiləri, eləcə də narıngi, şaftalı və ərik bağları ilə bağlı olub. Hadisələrin artması ilə əlaqədar olaraq Aqrar Sığorta Fondunun ödənişləri sürətlə artır – 2024-cü ilin yanvar-iyul aylarında 7 ayda fond tərəfindən fermerlərə 3 milyon 250 min manat ödəniş edilib. Bundan 2 milyon 573 min manatı bitkiçilik, 678 min manat isə heyvandarlıq sığortası üzrə olub”.
F.Sadıqov, həmçinin nəzərə çatdırıb ki, indiyədək ödənilən vəsaitlərdən əlavə olaraq ilin sonunadək fond fermerlərə daha 8 milyon manata yaxın ödəniş edəcək.
Qeyd olunub ki, ilk 7 ayda sığortalanan fermer və təsərrüfatlardan ümumilikdə 11,3 milyon manat sığorta haqqı toplanıb. Bunun 10,2 milyon manat bitkiçilik, 1,1 milyon manat isə heyvandarlıq sığortası üzrədir.
Aqrar sığorta ekspertləri üçün təlimlər avqustun 19-25-də keçirilir. Qaydalara əsasən, təlimlərdən sonra namizədlər Dövlət İmtahan Mərkəzinin imtahanında iştirak edəcək və müvafiq sertifikat alaraq fəaliyyətə başlayacaqlar.