Ağsuda səsvermədə şəffaflığı təmin etmək üçün bütün zəruri tədbirlər görülüb VİDEO
Ağsu, 1 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC
90 saylı Ağsu seçki dairəsi 62 məntəqəni əhatə edir. Bu gün dairə üzrə səsvermə hüququ olan 51967 seçici ölkəmizin həyatında mühüm hadisə olan parlament seçkilərində öz seçimlərini etməlidir.
Dairə seçki komissiyasının sədri Azad Dursunəliyev AZƏRTAC-a bildirib ki, səsvermənin təlimata uyğun keçirilməsi, hər kəsin öz fikrini sərbəst, demokratik şəraitdə ifadə etməsi, istədikləri namizədə səs verməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Məntəqəyə gəlməyə imkanı olmayan seçicilər üçün səyyar qutular ayrılıb. 358 nəfər səsvermə hüququndan ilk dəfə istifadə edəcək.
Saat 8:00-dan başlayaraq seçicilər məntəqələrə gəlir, səsvermə prosesində fəal iştirak edirlər. Hər yerdə, o cümlədən Ağsu şəhərindəki 1 saylı seçki məntəqəsində də böyük aktivlik var.
Ağsu şəhər sakini 58 yaşlı Namiq Səfərov AZƏRTAC-a müsahibəsində məntəqədə səsvermənin azad, şəffaf keçməsi üçün təşkil edilən şəraitdən razılığını bildirərək, ölkəmizdə tam demokratik seçki sisteminin yaradıldığını qeyd edib.
Bütün məntəqələrdə səsvermənin gedişatı yerli və xarici müşahidəçilər tərəfindən izlənilir, 9 məntəqədə veb-kamera quraşdırılıb.