REGİONLAR
Laçın sakinləri doğma yurdlarında səs verirlər FOTO VİDEO
Laçın, 1 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı işğaldan azad olunan Laçında seçicilərin səs verməsi üçün 6 məntəqə fəaliyyət göstərir. Laçın sakinləri yüksək əhvali-ruhiyə ilə səhər saatlarından başlayaraq məntəqələrə üz tutublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 121 saylı dairə üzrə 110 seçki məntəqəsi var. Bunlardan 6 seçki məntəqəsi işğaldan azad olunan Laçında yerləşir. 105 və 106 saylı seçki məntəqəsi Laçın şəhər mərkəzində, 107 saylı seçki məntəqəsi Zerti kəndində, 108 saylı seçki məntəqəsi Zabux kəndində, 109 saylı seçki məntəqəsi Qorçu kəndində, yeni yaradılan 110 saylı seçki məntəqəsi isə Sus kəndindədir.
Bütün seçki məntəqələrində seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub.
Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.
Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.
Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.
Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.