31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şamaxıya press-tur təşkil edilmişdir
Şamaxı, 28 mart (AZƏRTAC, Nəriman Həsənov). Martın 28-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şamaxıya press-tur təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, press-tur çərçivəsində əvvəlcə AVCİYA rəhbərliyi və jurnalistlər Qobustan rayonunun Acıdərə kəndində Qafqaz İslam Ordusu zabitinin məzarını ziyarət etmişlər. Daha sonra 50 nəfərlik KİV nümayəndəsi Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin zəngin eksponatları ilə tanış olmuş, rayonun Şərədil, Sadiyan və Mirikənd kəndlərində 1918-ci il 31 mart-3 aprel tarixlərində erməni quldurlarının törətdikləri vəhşiliklər haqqında yerli sakinlərin söhbətlərini dinlənmiş, faciə məkanına baxmışdır. Qeyd edilmişdir ki, o zaman kəndlərdən qaça bilməyən xəstə insanların başını oraqla kəsən ermənilər xəstə və qoca insanlara aman verməmiş, onları evlərində diri-diri yandırmışlar.
Press-tur çərçivəsində Milli Məclisin deputatı Elxan Süleymanovun Şamaxıdakı qərargahında azərbaycanlıların soyqırımına məruz qaldığı tarixin 110 illiyi ilə əlaqədar yaradılmış “1905.az” saytının təqdimatı keçirilmişdir. E.Süleymanov ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasətinin tarixi, faciələrin ictimai-siyasi kökləri barədə danışmışdır. Saytın işinə məsul, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev KİV nümayəndələrini yeni elektron resursun fəaliyyət prinsipi ilə tanış etmişdir. Məlumat verilmişdir ki, xalqımızın məruz qaldığı faciələrlə bağlı həqiqətlər Azərbaycan dili ilə yanaşı, BMT-nin Təhlükəsizlik Şurasının işçi dillərində də təqdim olunacaqdır.
Saytda “Ermənilərin gəlişi”, “Azərbaycanlıların soyqırımı”, “Azərbaycanlıların deportasiyası”, “Ermənistanın Azərbaycana təcavüzü”, “Atəşkəs davam edir” və başqa bölümlərdə tarixi sənədlər, xəritələr, fotolar da yer almışdır. “1905.az” saytında tezliklə “Məktəblilər üçün sözlük” və virtual “Qarabağ ensiklopediyası” da fəaliyyət göstərəcəkdir.