REGİONLAR
Şəhid övladları Şəkidəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində olublar VİDEO
Şəki, 12 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə oktyabrın 12-də şəhid övladlarının və ailə üzvlərinin Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə ekskursiyası təşkil edilib. Ekskursiya Vətən müharibəsi şəhidlərinin övladlarının və ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədi daşıyıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələ rayonlarından 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın 40-a yaxın övladı iştirak edib.
Məlumat verilib ki, Mərkəzin açılışı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2018-ci il oktyabrın 29-da Şəkiyə səfərləri çərçivəsində reallaşıb. “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi keramika sənətinin inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, Azərbaycanda keramika sənətinin çox qədim tarixi var. Keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olub. Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə keramika sənəti də inkişaf etdirilib, bu günə qədər öz əhəmiyyətini qoruyub saxlayıb. Bu qədim diyarın zəngin tarixi-mədəni irsinin qorunub saxlanmasında, ata-babalarımızdan bizə miras qalmış keramika sənəti ənənələrinin davam etdirilərək gələcək nəsillərə ötürülməsində “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin xüsusi rolu və əhəmiyyəti var. Mərkəzin məqsədi, eyni zamanda, müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Bildirilib ki, dünyada mövcud olan 128 gil növündən 98-nə Azərbaycanda rast gəlinir.
Ekskursiya iştirakçıları mərkəzin sənətkarlarının hazırladıqları keramika işləri ilə yaxından tanış olublar. Sonra iştirakçılar üçün gildən müxtəlif əşyaların hazırlanması və rənglənməsi üzrə ustad dərsi təşkil edilib.