Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçirilir VİDEO
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də ADA Universitetində Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, ilk dəfə Azərbaycanda təşkil olunan forumda dünyanın 8 ölkəsindən aparıcı universitetlərin professorları iştirak edirlər.
Tədbirin açılışında çıxış edən ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, bu forumda maşın proqramlaşdırma, süni intellekt və data elmləri sahələrində inqilabi ideyalar müzakirə ediləcək. Tədbir dünyanın bir çox aparıcı alimlərini, süni intellekt nəzəriyyəsi, yeni metodların inkişafı, tibbi, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi sahələrdə data elmləri tətbiqləri üzrə ixtisaslaşan mütəxəssisləri bir araya gətirəcək.
Qeyd olunub ki, “Codelandia”, ADA Universiteti və Ben-Qurion Universitetinin təşkilatçılığı ilə baş tutan forumun məqsədi süni intellekt və data elmləri sahəsində ən son nailiyyətlər və tədqiqat nəticələri barədə iştirakçılara məlumat verməkdir. Dünyanın müxtəlif ölkələrindən gələn professorlar və mütəxəssislər arasında əlaqələrin qurulması, elmi əməkdaşlığın genişlənməsi isə forumun əsas üstünlüklərindəndir. Bu əməkdaşlıq əlaqələri elmi araşdırmaların keyfiyyətini yüksəldərək, qlobal problemlərin həlli üçün yeni yanaşmaların meydana çıxmasına təkan verir. Forumda data elmləri və süni intellektin müxtəlif sahələrdə – maliyyə, səhiyyə, təhsil və s. – necə istifadə oluna biləcəyinə dair praktik nümunələr və tətbiqlər nümayiş olunur. Bu, iştirakçılara öz iş yerlərində tətbiq etmək üçün yeni ideyalar və metodlar təqdim edir.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov diqqətə çatdırıb ki, rəhbəri olduğu qurumun adı belə sənaye inqilabı ilə bağlıdır. “Beləliklə, hazırda müxtəlif ölkələr öz inkişafında sənaye inqilabının bir hissəsinə çevrilirlər. Bir mərkəz olaraq biz Dünya İqtisadi Forumu ilə çox sıx işləyirik. Hamı bunu Davos Forumu kimi tanıyır. Biz Davos Forumunun dünyada böyük bir ittifaq olan süni intellekt idarəetmə qrupuna öz töhfəmizi veririk. Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu əməkdaşlıq əlaqələrinin qurulması üçün əla fürsətdir və biz sizi azərbaycanlı mütəxəssislərin də öz töhfəsini verə biləcəyi qrupa apara bilərik. Dünya çox sürətlə dəyişir. Texnologiya lokomotivlərdən biridir. Dünya İqtisadi Forumunun hesabatına görə, əsas bacarıqların təxminən 40 faizindən çoxu yaxın bir neçə ildə avtomatlaşdırma və süni intellektə görə dəyişəcək. Bunu nəzərə alaraq keçən il biz aparıcı beynəlxalq onlayn təhsil platformalarından biri olan “Coursera” ilə əməkdaşlığa başladıq. Biz 10 min nəfər Azərbaycan vətəndaşına “Coursera” üzrə 800-dən çox müxtəlif kurslara pulsuz giriş imkanı yaratdıq”, - deyə F.Cəfərzadə əlavə edib.
Forumun açılışında, həmçinin ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzatdin Adamovun, İsrailin Ben-Qurion Universitetinin professoru Robert Moskoviçin və Bakıda yerləşən “Codelandia”dan Günel Cənnətovanın çıxışları dinlənilib.
Qeyd olunub ki, tədbir iştirakçılara tədqiqat mübadiləsi aparmaq imkanı təqdim edir və forumda ABŞ, İsrail, Koreya, Hindistan, Portuqaliya, Çin, Rusiya və Azərbaycandan tədqiqatları ilə seçilən professorlar iştirak edirlər.
Tədbir təqdimatlarla davam edib.