Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib VİDEO
Çindao, 23 oktyabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov “Bir kəmər, bir yol” enerji nazirlərinin 3-cü konfransı çərçivəsində Çindaoda Çinin Milli Enerji Administrasiyasının rəhbəri Can Cienhua ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Çinlə münasibətlərin inkişafına xüsusi önəm verdiyi qeyd olunub. Bu xüsusda, Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlığa yüksəldən Birgə Bəyannamənin neft-qaz, bərpaolunan enerji sahələrində əməkdaşlığın inkişafını təşviq edən rolundan bəhs edilib. Həmçinin Energetika Nazirliyi ilə ÇXR-in Milli Enerji Administrasiyası arasında imzalanmış energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun enerji sahəsində bütün istiqamətləri əhatə etdiyi vurğulanıb.
“China Energy Overseas Investment” şirkətinin 160 meqavat gücündə günəş elektrik stansiyası layihəsində iştirakı, “Power China Huadong Engineering Co.Ltd” də daxil olmaqla Çin şirkətlərinin külək-günəş enerjisi layihələrinin icrasına cəlbi yüksək qiymətləndirilib. Çin şirkətləri ilə yaşıl enerji üzrə yeni layihələrin həyata keçirilməsinə Milli Enerji Administrasiyasının dəstəyi ifadə olunub.
Söhbət zamanı COP29-un fəaliyyət gündəliyinə və Çinin tədbirdə fəal iştirakına da toxunulub.
Nazir Pərviz Şahbazovun İranın energetika naziri Abbas Aliabadi ilə də görüşündə ikitərəfli enerji əməkdaşlığının gündəliyində olan məsələlərə dair fikir mübadiləsi aparılıb. “Xudafərin” və “Qız Qalası”, həmçinin “Ordubad” su elektrik stansiyalarının icra vəziyyəti nəzərdən keçirilib. Su elektrik stansiyalarının tikintisinin sürətləndirilməsi qeyd olunub.
Görüşdə Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə müzakirələr aparılıb. Elektrik enerjisinin ticarəti və nəqli imkanları regional elektrik enerji əlaqələrinin qurulması müstəvisində dəyərləndirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Çindao