Dünya Yay Universiadası: Üzgüçülük yarışlarının beşinci günündə beş üzgüçümüz mübarizə aparıb VİDEO
Berlin, 21 iyul, AZƏRTAC
Almaniyada təşkil olunan Dünya Yay Universiadasının Berlində keçirilən üzgüçülük yarışlarının beşinci günündə Azərbaycanın beş idmançısı mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, Ramil Vəlizadə və Abdurəhman Rüstəmov 100 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında çıxış ediblər. Əlli doqquz idmançının mübarizə apardığı yarışda A.Rüstəmov 54.17 saniyəlik nəticə ilə 26-cı, R.Vəlizadə isə 54.34 saniyəlik nəticə ilə 31-ci olub. A.Rüstəmov bu nəticə ilə şəxsi rekordunu (54.61) yeniləyib.
Fatimə Alkərəmova iki yarışda - 200 metr məsafəyə sərbəst və qarışıq üsulla üzmə yarışlarında çıxış edib. İdmançımız bu yarışlarda müvafiq olaraq 2.08.70 və 2.24.80 dəqiqəlik nəticə ilə başa vurub.
Rəşad Alquliyev və Səid Həmidov isə 50 metr məsafəyə bras üsulu ilə üzmə yarışında müvafiq olaraq 30.20 və 30.18 saniyəlik nəticə göstəriblər.
Universiadanın üzgüçülük yarışlarına iyulun 27-də yekun vurulacaq.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin