Sevinc Abdullayeva: Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində müzakirə olunan mövzular olduqca əhəmiyyətlidir VİDEO
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində müzakirə olunan mövzular olduqca əhəmiyyətlidir. Çünki sürətli rəqəmsal transformasiya dövründə jurnalistika, sadəcə, texniki dəyişikliklərlə üzləşmir, o, həmçinin peşənin mahiyyətinə toxunan dərin etik çağırışlarla qarşı-qarşıyadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal informasiya mühitində etik məsuliyyət” mövzulu panel sessiyada AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Sevinc Abdullayeva deyib.
O qeyd edib ki, jurnalistin əsas alətləri qələm və dəftər olduğu dövrlərdən etibarən jurnalist etikası hər zaman peşəmizin ayrılmaz tərkib hissəsi sayılıb. “Lakin bu gün jurnalistin etik məsuliyyətindən danışmaq hər zamankından daha aktualdır. Çünki rəqəmsal texnologiyalar böyük imkanlar açsa da, həm də bəzi problemləri daha da kəskinləşdirib və yeni risklər yaradıb. İnformasiyanın sürətli yayılması, auditoriya ilə birbaşa təmas, beynəlxalq mənbələrə çıxış, işin avtomatlaşdırılması süni intellekt və rəqəmsal texnologiyaların müsbət cəhətləridir. Ancaq dezinformasiya, manipulyasiya, saxta xəbərlər, diqqət uğrunda yarış hazırda aktual problemlərdir”, - deyə S.Abdullayeva vurğulayıb.
O əlavə edib ki, belə şəraitdə etik məsuliyyət, sadəcə, peşə borcu deyil, həm də kontent axınında yolgöstərən zəminə çevrilir.