AZƏRTAC-ın 2025-ci ilin yekunlarına dair hesabat iclası keçirilib VİDEO
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) 2025-ci ilin yekunlarına həsr olunmuş geniş hesabat iclası keçirilib. İclasda Agentliyin il ərzindəki fəaliyyəti təhlil olunub, qazanılan nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İclasda hesabat məruzəsi ilə çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan mediasının inkişafına qayğı ilə yanaşıb, AZƏRTAC-ın milli dövlətçilik maraqlarının qorunmasındakı rolunu yüksək qiymətləndirib. Ulu Öndərin əsasını qoyduğu bu strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir dövrün tələblərinə uyğun icra olunur.
Hesabat məruzəsində qeyd edilib ki, Azərbaycanın beynəlxalq arenada artan nüfuzu və regionun lider dövlətinə çevrilməsi ölkə mediasının, o cümlədən AZƏRTAC-ın üzərinə daha böyük məsuliyyət qoyur. Xüsusilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin, Böyük Qayıdış Proqramı çərçivəsində reallaşdırılan köç prosesinin operativ və dolğun işıqlandırılması AZƏRTAC-ın 2025-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib.
İdarə Heyətinin sədri Agentliyin 2025-ci ildəki fəaliyyətindən danışarkən bildirib ki, hesabat ili AZƏRTAC üçün həm texnoloji yenilənmə, həm də beynəlxalq informasiya məkanında nüfuzun möhkəmləndirilməsi baxımından uğurlu olub. Sədr Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında operativliyin artırıldığını, rəqəmsallaşmaya xüsusi önəm verildiyini vurğulayıb.
Sonra Texniki İdarənin müdiri - İdarə Heyətinin üzvü Fuad Qədilli, Maliyyə və Uçot Departamentinin baş mühasibi İlham Abdullazadə və Agentliyin Həmkarlar İttifaqının sədri Arzu Muradova görülən işlər barədə hesabat veriblər.
Daha sonra İdarə Heyəti sədrinin müavinləri Dağbəyi İsmayılov və Sevinc Abdullayeva çıxış edərək, AZƏRTAC-ın hesabat ilindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
İdarə Heyətinin sədri gələcək hədəflərdən danışıb, müvafiq tapşırıqlar verib.
Hesabat iclasında Agentliyin bir sıra əməkdaşına “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalları təqdim olunub.