Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edib   YENİLƏNİB VİDEO

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazı, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyevi, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyevi, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üsteli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Türk Dövlətləri Təşkilatının hökumət başçılarının toplantısı bu dəfə Bakıda keçirilir. Sizi səmimiyyətlə salamlayıram, xoş gəlmisiniz.

Əminəm ki, bu görüşün çox böyük faydası olacaq. Hər zaman olduğu kimi, bizim ölkələrimiz birlik, həmrəylik göstərəcəklər. Eyni zamanda, qarşımızda duran önəmli iqtisadi məsələlərin müzakirəsi üçün də bu görüşün çox böyük əhəmiyyəti var.

Bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir.

Xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bizim əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq.

Təbii ki, təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq. Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq.

Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq. Təşkilatımızın inkişafı üçün əlbəttə ki, Zirvə görüşlərinin böyük əhəmiyyəti var. Bu görüşlər müntəzəm olaraq keçirilir və bildiyiniz kimi, Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi görüşləri də keçirilməyə başlamışdır. Birinci belə qeyri-rəsmi Zirvə Görüşü Qarabağda, Şuşada keçirilmişdir. Artıq bu, ənənə halına çevrilib və hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Dövlət başçıları artıq ildə ən azı iki dəfə görüşürlər. Çünki həm müzakirə edilməli məsələlər çoxdur, həm dünyada proseslər o qədər sürətlə gedir ki, daim biz məsləhətləşmələr aparmalı, bir-birimizin fikirlərini öyrənməli və düzgün qərarların qəbul edilməsi üçün ortaq addımlar atmalıyıq.

İqtisadi sahədə, - sizin də görüşünüzün əsas məzmunu bu olacaq, - işlər yaxşı gedir. Azərbaycana gəldikdə, bütün üzv ölkələrlə bizim ticarət dövriyyəmiz artır, qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır. Biz təşkilata üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq. Düzdür, bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Ancaq digər üzv ölkələrlə də qarşılıqlı sərmayə qoyuluşu prosesi gedir. Bizim Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə investisiya fondları yaradılmışdır. Bu fondlar vasitəsilə artıq bir çox layihələr icra edilir, yaxud da ki, onların icrası üçün hazırlıq işləri aparılır.

Xüsusi minnətdarlığı Qarabağın bərpasına qardaş ölkələrin dəstəyinə görə ifadə etmək istərdim. Həm bərpa işlərinə, həm Qarabağda yeni müəssisələrin yaradılması işinə verdiyiniz dəstək bizim üçün çox önəmlidir. Bildiyiniz kimi, artıq Özbəkistan tərəfindən bizə hədiyyə edilmiş Mirzə Uluqbəy məktəbi fəaliyyət göstərir. Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Qırğızıstanın hədiyyəsi olan Manas məktəbi fəaliyyət göstərir. Bunlar Füzuli, Ağdam rayonlarındadır. Türkiyədən olan bir çox şirkətlər önəmli infrastruktur layihələrində - yollar, körpülər, tunellər, dəmir yolları layihələrində iştirak edirlər. Eyni zamanda, Qarabağda iş yerlərinin yaradılması da bizim üçün çox önəmlidir və yenə də burada birinci xarici sərmayə qardaş ölkələrdən gəlib. Xankəndidə Özbəkistanın dəstəyi ilə böyük tikiş fabriki fəaliyyətə başlamışdır və hörmətli Prezident Şavkat Miromonoviç Mirziyoyevlə birlikdə biz o fabrikin açılışını qeyd etmişdik. Yəni bütün bunlar bir daha göstərir ki, bu gün bizim üçün əsas olan məsələdə, yəni Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir. Biz də öz növbəmizdə hər zaman lazım olan dəstəyi göstərməyə hazırıq və bunu edirik. Türkiyədə yaşanan o dəhşətli zəlzələdən sonra Azərbaycan öz qardaşlıq dəstəyini göstərmişdir və Azərbaycanın maliyyə imkanları hesabına Kahramanmaraşda 100 milyon Amerika dolları dəyərində “Azərbaycan məhəlləsi” tikilib. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə biz bu “Azərbaycan məhəlləsi”nin açılışını da qeyd etmişdik.

Yəni bu, həm bir-birimizə göstərilən praktiki yardımlardır, eyni zamanda, bizim niyyətimizi göstərir. Eyni zamanda, bizim xalqlarımıza bir daha yol göstərir ki, biz bir-birimizin yanında olmalıyıq. Bütün dünyaya isə göstərir ki, Türk dünyası, Türk Dövlətləri Təşkilatı hər zaman - yaxşı günlərdə və çətin günlərdə üzv ölkələr səviyyəsində və təşkilat olaraq vahid məqsədlərə çatmaq üçün əlindən gələni əsirgəmir.

Təbii ki, iqtisadi məsələlərlə, sərmayə qoyuluşu məsələləri ilə yanaşı, bu gün bizim hamımızın qarşısında duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarımızı genişləndirməkdir. Prinsip etibarilə buna hər zaman ehtiyac var. Çünki ölkələrimizdən keçən Orta Dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır. Yəqin ki, bu gün Azərbaycan tərəfi bu məsələ ilə bağlı məlumat verəcək. Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb. Həm dəmir yolları, Bakı Ticarət Limanı, bizim avtomobil yollarımız, hava limanlarımız - bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib. O ki qaldı, Zəngəzur dəhlizinin icrasına, orada avtomobil yolunun təqribən 90 faizi, dəmir yolunun isə təxminən 70 faizi hazırdır. Ümid edirəm ki, yaxın gələcəkdə bu layihə tam icra ediləcəkdir. Bilirik və çox şadıq ki, Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilmişdir. Beləliklə, bu layihələrin uzlaşdırılması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaqdır. Bu, Orta Dəhlizin bir qolu olacaq və bizim inşa etdiyimiz dəmir yolu infrastrukturu birinci mərhələdə 15 milyon ton yükün daşınmasına hesablanıb. Amma gələcəkdə bu arta da bilər və yəqin ki, artacaq. Amma hər halda 15 milyon tonluq yeni bir dəhlizin açılması həm ölkələrimiz, həm də geniş coğrafiya üçün böyük önəm daşıyır. Biz yenə də burada çox ciddi və məsuliyyətli mövqe sərgiləyirik - həm öz maraqlarımızı təmin edirik, həm də dünya üçün yeni nəqliyyat yollarını təqdim edirik. Yəni bu, bir daha göstərir ki, bizim ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlibdir. Bax, bunları sizin diqqətinizə çatdırmaq istəyirdim. Bilirəm ki, bu gün sizin işiniz çox olacaq, bir çox məsələlər müzakirə ediləcək. Şübhə etmirəm ki, sizin görüşünüz bizim təşkilatımızın inkişafına növbəti töhfə olacaqdır. Bir daha sizi salamlayıram.

x x x

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz çıxış edərək dedi:

- Cənab Prezident, bizi qəbul etdiyiniz üçün minnətdarlığımızı bildiririk. Türkiyədən Əziz Qardaşınız, Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğandan Sizə ən səmimi salamlarını gətirdim, çatdırmaq istəyirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, sağ olun.

Cevdet Yılmaz: Fürsətdən istifadə edərək, keçmiş Ramazan bayramı və Novruz bayramı münasibətilə də hər kəsi təbrik edir, bölgəmizdə və dünyada sülhə, bolluğa və bərəkətə vəsilə olmasını diləyirəm.

Bu formatda toplantımızı mən ilk dəfə Sizdən eşitmişdim, Sizin bir fikriniz olduğunu bilirəm. Qırğızıstanda da çox uğurlu bir toplantı keçirdik. İkincisini də, inşallah, burada əziz qardaşım cənab Əli Əsədov ilə keçirəcəyik. İlk növbədə, həm bu toplantıya, həm də Türk Dövlətləri Təşkilatına töhfələrinizə görə bir daha təşəkkürümü bildirirəm.

Bir az əvvəl Siz də qeyd etdiyiniz kimi, iqtisadiyyat çox önəmlidir. Bölgəmizdə də mühüm proseslər baş verir. Bunun qısa perspektivdə mənfi təsirləri var, amma orta perspektivdə inanıram ki, bizə yeni fürsətlər gətirəcək. Xüsusilə bu dövrlərdə sabitliyi, əmin-amanlığı qoruyan ölkələr yeni dövrdə çox əlverişli mövqeyə yüksələcək. Bu istiqamətlərdə, inşallah, hamımız birlikdə addımlar atarıq. Enerji və nəqliyyat məsələləri çox əhəmiyyətlidir. Siz də xüsusi qeyd etdiniz, xüsusilə Zəngəzur dəhlizinin açılması həm Türkiyə-Azərbaycan əlaqələrində, həm də daha geniş coğrafiyada çox böyük fayda gətirəcək.

Digər tərəfdən, enerji məsələsində də dünya son dövrlərdə yaşananlardan sonra şaxələndirmənin önəmini artıq daha yaxşı gördü. Bu sahələrdə də, inşallah, xüsusilə Xəzər tranziti başda olmaqla, yeni fürsətləri birlikdə dəyərləndiririk. Qarşılıqlı investisiyaların inkişaf etdirilməsi məsələsində də, inşallah, hamımız birlikdə səy göstərəcəyik. Mən çox mühüm yeni investisiya imkanlarının yaranacağına da inanıram.

Sizin bir az əvvəl vurğuladığınız kimi, Türk Dövlətləri Təşkilatı çox qısa müddətdə böyük yol qət etdi. İnşallah, qarşıdakı dövrdə bu daha da dərinləşərək davam edəcək. Təşkilata sədrliyiniz çox uğurla davam edir. Xüsusilə Sizin ilk dövrlərdən etibarən Türk Dövlətləri Təşkilatına yaxından göstərdiyiniz diqqətə və verdiyiniz dəstəyə görə minnətdarıq.

Qarabağdakı inkişafa görə də hamımız qürur, iftixar duyuruq. Qarabağ yenidən Azərbaycan oldu, azadlığına qovuşdu. Ancaq bununla da kifayətlənilmədi, Qarabağda böyük inkişaf, sərmayələr var. İnşallah, yaxın zamanda hamımız birlikdə daha çox inkişaf etmiş Qarabağı görəcəyik. Biz də Türkiyə Cümhuriyyəti olaraq əlimizdən nə gəlirsə, daim Qarabağın, Azərbaycanın yanındayıq.

Sizin də qeyd etdiyiniz kimi, zəlzələ zamanı bizim yanımızda çox güclü şəkildə durdunuz, minnətdarıq. Həqiqətən də Türkiyə Cümhuriyyəti olaraq bütün Türk dünyasının göstərdiyi həmrəyliyə görə təşəkkür edirik. Birlik içərisində olmağın bərəkəti, gücü də məhz buradadır. Çətin dövrlərdə, xoş zamanlarda daim bir-birimizə dəstək oluruq. Xüsusilə dünyada qurumların zəiflədiyi, qaydaların zəiflədiyi bir dövrdə regional əməkdaşlıqlar daha böyük önəm qazanmışdır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı yeni dövrdə əvvəlkindən də daha önəmli bir mövqeyə gəlmişdir.

Bu gün aramızda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri də var. Mən Zati-alinizə Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı həssaslığınıza görə də xüsusi olaraq çox təşəkkür edirəm. İnşallah, həmkarlarımızla birlikdə qeyd etdiyiniz mövzuları ətraflı şəkildə müzakirə edib, Siz liderlərimizin ortaya qoyduğunuz baxışa biz də əlimizdən gələn bütün dəstəyi verəcəyik.

Mən yüksək təşkilatçılığa görə Zati-alinizə bir daha minnətdarlığımı bildirir, çox təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Təşəkkür edirəm.

x x x

Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov dedi:

-Zati-aliləri cənab Prezident, hörmətli İlham Heydər oğlu. İlk növbədə Sizə Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Miromonoviç Mirziyoyevin ən səmimi salamlarını və xoş arzularını çatdırmaq istəyirəm. Fürsətdən istifadə edərək, Sizə xüsusi diqqətə və qardaş Azərbaycan xalqına xas olan ənənəvi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Biz bu gün strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmiş Azərbaycan-Özbəkistan münasibətlərinə böyük dəyər veririk. Şübhəsiz ki, açıq və etimad ruhunda olan dialoq və Zati-alinizlə Şavkat Miromonoviç Mirziyoyev arasındakı qardaşlıq və dostluq qardaş xalqlarımızı daha da birləşdirir. Özbək xalqı qardaş Azərbaycanın nailiyyətlərinə sevinir. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan sürətlə inkişaf edir və ildən-ilə böyük nailiyyətlər əldə edir. Sizin şəxsi səyləriniz və təşəbbüsləriniz sayəsində qardaş Azərbaycanın vacib və ayrılmaz parçası olan Qarabağ son dövrlərdə daha da firavan bölgəyə çevrilir.

Mən və həmkarım Əli Əsədov daim əlaqədəyik. Biz Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli fəaliyyəti yüksək qiymətləndiririk. Təşkilatımızın bundan sonra da gücləndirilməsi üçün səylər göstərməyə hazırıq.

Fürsətdən istifadə edərək, Sizə və Sizin simanızda qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram. Qəbula görə təşəkkür edirəm.

x x x

Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyev dedi:

-Hörmətli İlham Heydər oğlu, öz növbəmdə sıx iş qrafikinizdə bizim nümayəndə heyətinə vaxt ayırdığınıza görə Sizə dərin minnətdarlığımı bildirir, TDT hökumət başçılarının 2-ci toplantısının yüksək səviyyədə təşkil edildiyini, bu qəbildən olan görüşlərin açıq və məzmunlu dialoq üçün yaxşı imkan yaratdığını qeyd etmək istəyirəm. Fürsətdən istifadə edərək, Qırğız Respublikasının Prezidenti hörmətli Sadır Nurqojoyeviç Japarovun Sizə və qardaş Azərbaycan xalqına ən xoş arzularını çatdırmaq istəyirəm.

Qırğız Respublikası Azərbaycan ilə qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə böyük dəyər verir. Biz Sizin Qırğızıstana gözlənilən tarixi dövlət səfərinizə böyük əhəmiyyət veririk. Sevindirici haldır ki, bugünkü görüşümüz ölkələrimizin TDT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyini təsdiq edir. Əminəm ki, ticarət, nəqliyyat və logistika sahələrində olan layihələr bundan sonra da dövlətlərimizin dayanıqlı inkişafına xidmət edəcək.

Həqiqətən də bizim ölkələrimizin qarşılıqlı maraq doğuran bütün sahələrdə yaxşı imkanları var.

Sonda hörmətli İlham Heydər oğlu, səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirir, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm. Diqqətinizə görə sağ olun.

x x x

Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov dedi:

-Zati-aliləri cənab Prezident, hörmətli İlham Heydər oğlu. İlk növbədə, qardaş Azərbaycan torpağında Sizinlə görüşmək fürsətinə görə təşəkkürümü bildirirəm. İcazə verin, Sizə Qazaxıstan Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin səmimi salamlarını çatdırım. Səfərim ərəfəsində onunla söhbətim oldu və o, lazımi təlimatlarını verdi.

Azərbaycan və Qazaxıstan arasında münasibətlər olduqca dinamik şəkildə inkişaf edir. Bizim çoxsaylı böyük iqtisadi layihələrimiz var. Bu il biz ilk mühüm, strateji layihəmiz olan, Avropanı Çin və Asiya regionu ilə birləşdirəcək, Xəzər dənizinin dibi ilə inşa edilən fiber-optik kabel layihəsini başa çatdıracağıq. Ümid edirik ki, həmin layihə bütün dövlətlərimizin, regionumuzun inkişafına böyük təkan verəcək.

Türk Dövlətləri Təşkilatı çərçivəsində bizim həmkarlar, dostlar və qardaşlar arasında olduqca yaxşı, səmimi və etimad üzərində qurulmuş əlaqələrimiz var. İqtisadi layihələrimizin sayı olduqca çoxdur. Hökumətlər səviyyəsində həmkarlarımızla sıx əlaqədəyik, tez-tez görüşürük və məsələləri öz səviyyəmizdə həll etməyə çalışırıq ki, rəhbərlərimiz görüşərkən müsbət dəyişiklikləri müzakirə etsinlər.

Sizi və təşkilata üzv dövlətlərin rəhbərlərini cari ilin 15 may tarixində müqəddəs Türküstan şəhərində TDT-nin qeyri-rəsmi görüşündə gözləyirik və yüksəksəviyyəli qonaqları qarşılamağa hazırlaşırıq.

Cənab Prezident, bir daha Sizə və qardaş Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. Sağ olun.

x x x

Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyev dedi:

-Hörmətli cənab Prezident, Sizi salamlayıram. Qəbula görə təşəkkür edirəm. İcazənizlə, hörmətli Arkadağımızın və hörmətli Prezidentimiz Sərdar Berdiməhəmmədovun səmimi salamlarını çatdırım. Bugünkü görüş yüksək səviyyədə təşkil edilib və bu toplantıya dəvətə görə təşəkkür etmək istəyirəm. Əminik ki, bu toplantı yüksək səviyyədə keçəcək. Həmkarımızla biz ticarət dövriyyəmizin artırılması və digər məsələləri müzakirə edəcəyik, xalqlarımızı bir-birinə yaxınlaşdırmaq üçün səylər göstərəcəyik. Bu işdə Sizin böyük töhfəniz var və buna görə də Sizə təşəkkürümü bildirmək, uğurlar arzu etmək istəyirəm. Sağ olun.

x x x

Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel dedi:

- Hörmətli cənab Prezident, qardaş Azərbaycanda olmaqdan duyduğum xoşbəxtliyi ifadə etmək istəyirəm. Xüsusilə bu qəbulunuza görə Sizə xalqım, hökumətim adından və şəxsən öz adımdan ürəkdən təşəkkür edirəm.

Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olması üçün başda Ana Vətənimiz Türkiyə Cümhuriyyətinin lideri cənab Rəcəb Tayyib Ərdoğanın təşəbbüsünə və Sizin - qardaş Azərbaycanın Prezidenti İlham Əliyevin bizə verdiyi dəstəyə görə çox təşəkkür edirəm. Xalqım bu dəstəyin davam etdiyini görməkdən böyük xoşbəxtlik duymaqdadır.

Ancaq gəldiyimiz nöqtədə dünyada yaşanan mövcud vəziyyətə görə Sizin daha əvvəl dediyiniz kimi, türk ailəsi bizim ailəmizdir, başqa ailəmiz yoxdur. Bu ailəmizi gücləndirmək üçün biz - Şimali Kipr Türk Cümhuriyyəti Sizin Aralıq dənizindəki qardaşlarınız olaraq və Aralıq dənizinin ortasında yaşayışını tamamilə turizmdən, səhiyyədən təmin edən bir ada olaraq Sizlərin orada sərhəd gözətçilərinizik. Bu baxımdan gəldiyimiz hazırkı nöqtədə və yaşanan bu mövcud vəziyyətdən sonra Türk Dövlətləri Təşkilatında artıq müşahidəçi üzv olmaqdan əsl üzvə keçərək əməkdaşlığımızı daha çox sürətləndirməliyik. Gəldiyimiz nöqtədə görürük ki, istər iş adamlarımızın, istərsə insanlarımızın, istərsə digər sektorlarda quracağımız əməkdaşlıqlar, istərsə də nəqliyyat sahəsində yaşanan çətinlikləri aradan qaldırmaq üçün Şimali Kipr Türk Cümhuriyyətindən bir baza olaraq istifadə edə bilərsiniz. Çünki Aralıq dənizinin ortasında və hər tərəfə çata bilən rahat bir ada mövqeyində olan ölkəmiz sizlərlə əməkdaşlıq qurmaqdan böyük məmnunluq duyacaq. Bu istiqamətdə bizə hər zaman verdiyiniz dəstəyə görə bir daha təşəkkür edirəm.

Qardaş Baş nazirlərlə birlikdə olmaqdan böyük məmnunluq duydum. Bu ailənin əməkdaşlığı Şimali Kipr Türk Cümhuriyyəti üçün çox önəmlidir. Çünki Sizin Qarabağda apardığınız böyük azadlıq mübarizəsi kimi, biz - Şimali Kipr Türk Cümhuriyyətində yaşayan xalqımız da eynisini Türkiyə Cümhuriyyətinin bizə verdiyi böyük dəstəklə böyük bir azadlıq mübarizəsi apardıq, çoxlu şəhidlər verdik. Siz də Qarabağda, Şuşada çox şəhidlər verdiniz. Oradakı şəhidlərimizi Sizin hüzurunuzda bir daha hörmət və ehtiramla anmaq istəyirəm.

Fürsətdən istifadə edərək, geridə qalan Ramazan və Novruz bayramları münasibətilə Sizi ürəkdən təbrik edirəm. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, sağ olun.

x x x

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev dedi:

-Möhtərəm cənab Prezident, Zati-aliləri. Mən də öz növbəmdə bugünkü görüşə görə təşəkkürümü bildirmək istəyirəm. TDT gündən-günə inkişaf edir və güclənir. Siz də qeyd etdiyiniz kimi, təşkilatın beynəlxalq müstəvidə rolu artmaqdadır. Fürsətdən istifadə edərək, təşkilatımızın işinə verdiyiniz töhfəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Zati-aliləri, Sizin “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” sözlərini xatırlatmaq istərdim.

Qeyd etdiyiniz kimi, Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri TDT dövlətləri ilə əməkdaşlıqdır və bu da bizim təşkilatın daha da möhkəmlənməsinə xidmət edir. Ötən il Qəbələdə keçirilmiş 12-ci Zirvə Toplantısının mövzusu regional sülh və təhlükəsizlik idi, region və onun hüdudları kənarında cərəyan edən proseslərlə uzlaşırdı. Zirvə Toplantısı zamanı TDT üzv dövlətlərin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsi təklifinə görə də Sizə təşəkkür edirəm. Sizin bununla bağlı dəvətiniz üzv ölkələrin dövlət başçılarına çatdırılmışdır.

Zati-aliləri, bu gün Bakıda praktiki əməkdaşlığımızın inkişafı və Zirvə toplantıları zamanı liderlər tərəfindən verilən təlimatların hökumətlər səviyyəsində daha da əlaqələndirilmiş şəkildə icrasına xidmət edəcək TDT üzv dövlətlərin hökumət başçılarının ikinci toplantısı keçiriləcək.

Hesab edirəm ki, bütün proqramların və layihələrin vaxtında reallaşdırılması, TDT çərçivəsində həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi üçün belə bir mexanizmə böyük ehtiyac var.

Ötən ay regionda və daha da geniş coğrafiyada cərəyan edən hadisələrin müzakirəsi üçün TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü təşkil edildi. Görüşdə “TDT+” formatının təsis edilməsi haqqında qərar imzalanması regionda və beynəlxalq arenada dialoqu, əməkdaşlığı və tərəfdaşlığı təşviq edir, çoxtərəfli diplomatiyada TDT-nin rolunu və əhəmiyyətini artırır.

TDT-nin qeyri-rəsmi Zirvə toplantıları Sizin təşəbbüsünüzlə hər il keçirilir. Burada qeyd edildiyi kimi, cari il mayın 15-də Qazaxıstanın Türküstan şəhərində növbəti Zirvə Toplantısı keçiriləcək. Liderlərin ildə bir neçə dəfə görüşməsi təşkilat daxilində əlaqələndirməni gücləndirir, artıq qeyd etdiyim kimi, beynəlxalq arenada əhəmiyyətini artırır.

İcazə verin, bir daha Sizə Türk dünyasında həmrəyliyin və qardaşlığın möhkəmləndirilməsinə verdiyiniz töhfəyə və təşkilatın fəaliyyətinə dəstəyinizə görə təşəkkür edim. Sağ olun.

x x x

Baş nazir Əli Əsədov dedi:

-Möhtərəm cənab Prezident, icazənizlə, bütün həmkarlarımın adından və öz adımdan Sizə təşəkkürümüzü bildirək ki, bizi qəbul etdiniz. Nitqinizdə bizim qarşımıza qoyulan məsələlər, təbii olaraq, bundan sonra mənim üçün və həmkarlarım üçün yol xəritəsi olacaq.

Möhtərəm cənab Prezident, Sizin hələ 2024-cü il fevral ayının 14-də andiçmə mərasimində söylədiyiniz kimi, bizim ailəmiz Türk dünyasıdır. Sizin bu kəlamınız bizim üçün, bütün Azərbaycan üçün, o cümlədən Azərbaycan hökuməti üçün yol xəritəsidir. Biz fəaliyyətimizi bu istiqamətdə qururuq. Bugünkü görüşümüzün - Türk Dövlətləri Təşkilatının ikinci görüşünün Bakıda keçirilməsi də bu tədbirlər içərisindədir.

Möhtərəm cənab Prezident, Sizin və həmkarlarınızın qarşımızda, hökumətlər qarşısında qoyduğunuz məsələləri rəhbər tutaraq biz bu gün gündəliyimizi formalaşdırmışıq, gündəlik bütün həmkarlarımla razılaşdırılıb. Siz də bu gün söylədiyiniz kimi, əsas məsələləri qısa olaraq deyim ki, bu, ticari-iqtisadi məsələlərdir - investisiya əməkdaşlığı, o cümlədən ikitərəfli və çoxtərəfli fondlar. Mən iki qardaş ölkə tərəfindən yaradılmış fondları, o cümlədən Türkiyə İnvestisiya Fondunu da qeyd etmək istəyirəm. Nəqliyyat-tranzit, energetika sahələrində, o cümlədən yaşıl enerji, logistika və Orta Dəhlizlə bərabər Siz də bu gün qeyd etdiyiniz kimi, Zəngəzur dəhlizinin həm Azərbaycan, həm Türkiyə, həmçinin geniş region üçün böyük əhəmiyyəti var.

Cənab Prezident, Sizin dövlət başçıları ilə Qəbələdə 12-ci Zirvə Görüşünüzün bəyannaməsindən irəli gələn məsələlərə də əsaslanaraq görüşümüzün sonunda bəyanat qəbul edəcəyik. Bu, diplomatik kanallarla razılaşdırılıb.

Möhtərəm Prezident, bir daha Sizə təşəkkürümüzü bildirmək istəyirəm. Çox sağ olun.

x x x

Görüşün yekununda çıxış edən Prezident İlham Əliyev dedi:

- Sağ olun, təşəkkür edirəm. Xahiş edirəm, mənim səmimi salamlarımı ölkələrinizin dövlət başçılarına - dostlarıma, qardaşlarıma çatdırasınız. Onlarla hər görüşüm mənim üçün çox dəyərlidir, əhəmiyyətlidir və qiymətlidir.

Bu gün burada səslənən fikirlər bir daha onu göstərir ki, təşkilatımızın çox gözəl gələcəyi var. Çünki hər bir üzv ölkə və müşahidəçi ölkə təşkilatımızın güclənməsini istəyir. İstəyir ki, təşkilatımız dünya arenasında daha önəmli rol oynasın və əminəm ki, biz buna nail olacağıq.

Bir məsələni də qeyd etmək istərdim. Bizim təşkilatımızın nadirliyi haqqında mən artıq giriş sözümdə fikirlərimi bildirdim. Bir məsələyə də toxunmaq istərdim, o da çox önəmlidir. Çünki təşkilata üzv ölkələr arasında ikitərəfli formatda da münasibətlər çox yaxşıdır. Heç bir problem yoxdur, heç bir anlaşılmazlıq yoxdur və bu da deyə bilərəm ki, dünya təşkilatları arasında nadir bir hadisədir. Çünki biz bilirik dünyada hansı beynəlxalq təşkilatlar var və o təşkilatlar çərçivəsində bəzən bəzi üzv ölkələr arasında ixtilaflar var, qarşıdurmalar var, hətta münaqişələr də var. Amma bizim nadirliyimiz, - bu, bizim çox böyük ümumi müştərək dəyərimizdir, - odur ki, həm çoxtərəfli, həm ikitərəfli formatda ancaq xoş münasibət, xoş niyyət, bir-birimizə olan dəstək və bir-birimizə olan hörmət və ehtiramdır. Bu, çox böyük dəyərdir. Biz bunu həm qorumalıyıq, həm gələcək nəsilləri bu ruhda tərbiyə etməliyik və təşkilatımızı bütün istiqamətlər üzrə elə gücləndirməliyik ki, illər keçdikcə təşkilatımız dünya miqyasında qlobal aktora çevrilsin. Yenə də deyirəm, buna nail olmaq üçün bütün imkanlar var. Birincisi, bizim birliyimiz, ortaq etnik köklərimiz, böyük coğrafiyamız, enerji resurslarımız, nəqliyyat yollarımızdır. Bu gün nəqliyyat deyiləndə bizim coğrafiyamızdan, yəni bizdən yan keçmək mümkün deyil. Biz investisiya qoymaqla, hər bir ölkə öz ərazisində sərmayə qoymaqla bu coğrafiyanı daha da önəmli bir amilə çeviririk. Əminəm ki, bu gün müzakirə olunan və sizin toplantınızda müzakirə ediləcək məsələlər təşkilatımızın gücünü daha da artıracaq.

Bir daha xoş gəlmisiniz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edib   YENİLƏNİB VİDEO

Vato Şakarişvili: Azərbaycan regionun potensialının maksimum şəkildə reallaşdırılması üçün ardıcıl siyasət aparır

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Rusiya Prezidenti: Ermənistanın hazırkı xarici siyasi kursunda qeyri-adi heç nə yoxdur

“Liverpul” yeni baş məşqçisini açıqlayıb

Putin: Rusiya və Ukrayna arasında mümkün razılaşmalar tarixi sənədlər ola bilər

Vaxo Çaraia: BTQ layihəsi çoxşaxəli faydalar verə biləcək strateji təşəbbüsdür

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır

Tural Məmmədov: Azərbaycan internetdən asılı olmayan suveren dövlət xidmətləri qurur

Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Elvin Balacanov: Rəqəmsal dayanıqlılığın əsasını peşəkar kadrlar və əməkdaşlıq təşkil edir

Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb

Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub

Aİ Livan Silahlı Qüvvələrinə 100 milyon avroluq yeni yardım paketini təsdiqləyib

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub

Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir

İctimai Birlik sədri: Eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası artır

Sabah Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Alim Qasımov: Eşitmə məhdudiyyətli uşaqların cəmiyyətin diqqət və dəstəyinə ehtiyacı var

Azərbaycanlı rejissor Mossovet Teatrının Beynəlxalq Rejissor Laboratoriyasının finalçısı olub

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Afrika ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Mütəxəssis: Bəzən saniyələrlə olan gecikmələr belə kritik rəqəmsal infrastrukturlar üçün ciddi təsirlər yarada bilər

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb

Ankarada “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər təşkil olunub

Ayxan Abbasov: Yoldaşlıq matçlarında həm yaxşı oyun, həm də yaxşı nəticə istəyirik

Laşa Amaşukeli: BTQ-nin modernləşdirilməsinin başa çatması Gürcüstan və Azərbaycan üçün mühüm mərhələdir

Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir

Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı inklüziv cəmiyyətin inkişafına töhfə verəcək

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb

Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir

AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb

Estoniyalı mütəxəssis: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var

İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir

AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir

Qarabağda arxeoloji tədqiqatların miqyası genişlənir: Şuşa və Xankəndidə kəşfiyyat işləri aparılır

ƏƏSMN ilə Dünya Bankının icra etdiyi birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb

Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək

Akademik İsa Həbibbəyli: Arxeologiyada müxtəlif elm sahələrinin əməkdaşlığı önəmlidir

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq

Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik

Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

Azərbaycanın enerji və tranzit strategiyası Avrasiyanın iqtisadi inteqrasiyasını sürətləndirir - ŞƏRH

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik

“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir

İsmayıllıda kənd təsərrüfatının inkişafı üçün yeni hədəflər müəyyənləşdirilir

AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

® “ABB Home” platformasına “Mygov ID” ilə daha sürətli giriş imkanı!

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

Bu gün artıq Zəngəzur dəhlizi regional layihə statusunu çoxdan geridə qoyub - ŞƏRH

Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürülüb

Bakı Texniki Kollecinə müəllim tələb olunur

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük

Coğrafiyaşünas-alim: Yaz yağıntıları dağlıq ərazilərdə sürüşmə riskini artırıb

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

“Milli kimliyin formalaşmasında mənəvi dəyərlərin rolu” mövzusunda görüş

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

İran xaricdə dondurulmuş aktivlərinin 50 faizinin dərhal qaytarılmasını tələb edir

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

Qanunvericiliyə dəyişikliklər məcburi köçkünlük dönəminin hüquqi baxımdan yekunlaşmasıdır - RƏY

Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir ŞƏRH

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalında klassik musiqi günü

Media: Tayvan gəmi əleyhinə raket arsenalını 1,8 minə çatdırmağı planlaşdırır

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 5 milyard dolları ötüb

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

OECD: 2030-cu ilədək qlobal polad tələbatının hər il 0,9 faiz artacağı gözlənilir

Fransa və İrlandiya müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir