Yeni Dövlət Proqramının icrası baramaçılığın inkişafına güclü təkan verəcək VİDEO
Naxçıvanda yaş barama istehsalı ötən illə müqayisədə 63,9 faiz artıb
Naxçıvan, 2 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin bu il mayın 25-də təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda ölkədə ənənəvi sahələrin daha da inkişaf etdirilməsi və yüksək məhsuldarlığın əldə olunması mühüm hədəflərdən biri kimi müəyyən edilib. Dövlət Proqramında nəzərdə tutulan prioritetlər son illərdə bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin davamıdır. Belə tədbirlərdən biri olan baramaçılıq fəaliyyətinə muxtar respublikada üç il əvvəl pilot layihə kimi başlanılıb. Həyata keçirilən sistemli tədbirlər nəticəsində bu sahəyə maraq və məhsuldarlıq ildən-ilə artır.
Görülən tədbirlərin nəticəsidir ki, 2024-cü ildə ilk dəfə muxtar respublikaya 30 qutu ipəkqurdu toxumu gətirilib və ilkin mərhələdə 1119 kiloqram məhsul əldə edilib. 2025-ci ildə isə gətirilən toxumun həcmi 40 qutuya çatdırılıb və məhsuldarlıq artaraq 1757 kiloqrama yüksəlib ki, bu da 57 faiz artım deməkdir.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Rübabə Hüseynzadə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində qeyd edib ki, dinamik artım tempinin davamı olaraq, 2026-cı il mövsümündə muxtar respublikaya 50 qutu ipəkqurdu toxumu gətirilib. Bununla da barama istehsalı uğurlu göstəricilərlə başa çatdırılıb və ümumilikdə, 2880 kiloqram yaş barama istehsal edilib. Cari ilin uğurlu nəticəsi 2025-ci ilin istehsal göstəriciləri ilə müqayisədə 63,9 faiz artım deməkdir. Barama istehsalında bir qutudan orta hesabla 110 kiloqram məhsul əldə edən Şahbuz rayonunun Ayrınc kəndi muxtar respublika üzrə birinci, 103 kiloqram göstərici ilə Babək rayonunun Şıxmahmud kəndi isə ikinci yeri tutub. Rübabə Hüseynzadənin sözlərinə görə, qazanılan bu yüksək məhsuldarlıq sayəsində Naxçıvan Muxtar Respublikası yaş barama istehsalının artım tempinə və səmərəliliyə görə bir qutu üçün orta hesabla 57,6 kiloqram olmaqla ölkə üzrə birinci yerdə qərarlaşıb: “2026-cı ilin istehsal göstəricilərinin rayonlar üzrə təhlili göstərir ki, muxtar respublikanın bütün bölgələrində kümçülər mövsümü yüksək uğurla başa vurub. Belə ki, hesabat dövründə Şərur rayonu üzrə 577,88, Ordubad üzrə 565,1, Babək üzrə 555,72, Kəngərli üzrə 395,3, Culfa üzrə 276,1, Şahbuz üzrə 229, Sədərək üzrə 195,4 və Naxçıvan şəhəri üzrə 85,5 kiloqram yaş barama istehsal edilərək Şəki şəhərində yerləşən “Azəripək” ASC-yə göndərilib".
“Baramaçılıqla məşğul olan istehsalçıların fəaliyyətini stimullaşdırmaq məqsədilə dövlət tərəfindən güclü dəstək mexanizmi formalaşdırılıb. Müəyyən olunmuş qaydalara əsasən, hər kiloqram yaş baramaya görə dövlət tərəfindən kümçülərə 6 manat subsidiya ödənilir. Bununla yanaşı, məhsulu satınalan şirkət tərəfindən hər kiloqram üçün 5 manat məbləğində ödəniş həyata keçirilir. Baramaçılıq qısa müddət ərzində ailə təsərrüfatlarına ən sürətli və yüksək gəlir qazandıran, məşğulluğu təmin edən və muxtar respublika üçün yüksək rentabelli olan strateji aqrar sahə kimi səmərəliliyini sübut edib. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin təsdiqlədiyi aqrar sahənin inkişafı ilə bağlı 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı növbəti illərdə bu sahənin daha da genişləndirilməsinə güclü təkan verəcək", - deyə nazirliyin rəsmisi əlavə edib.
Naxçıvanda baramaçılığın inkişafı kümçülərin əldə etdiyi uğurlu nəticələrdə də özünü aydın göstərir. Dövlət dəstəyi, vaxtında təmin olunan ipəkqurdu toxumu və göstərilən aqrotexniki xidmətlər nəticəsində bu sahəyə maraq ilbəil artır. İlk dəfə baramaçılıqla məşğul olan kümçülər də qısa müddətdə yüksək məhsuldarlıq əldə edərək muxtar respublika üzrə ön sıralarda qərarlaşırlar.
Şahbuz rayonunun Ayrınc kəndindən olan kümçü Kənan Həsənli bildirir ki, bu il ilk dəfə ipəkqurdu bəsləyib. İşin zəhmətli və səbir tələb edən olduğunu əvvəlcədən bilsələr də, kənd kümçüləri 23 gün ərzində gecə-gündüz ipəkqurdlarına ciddi qayğı göstəriblər. Kümçü qeyd edir ki, çəkilən zəhmət hədər getməyib və nəticədə 110 kiloqram yaş barama istehsal edərək təhvil veriblər. Bu göstərici ilə kənd hazırda Naxçıvan Muxtar Respublikası üzrə birinci yerə yüksəlib. Əldə olunan nəticə onları daha da ruhlandırır və gələcək illərdə istehsalı artırmağı planlaşdırırlar.

Babək rayonunun Şıxmahmud kənd sakini, kümçü Abbas Hacıyev deyir ki, baramaçılıqla ilk dəfə məşğul olub. O, iki qutu ipəkqurdu toxumu götürərək, ümumilikdə, 206 kiloqram yaş barama istehsal edib. Hər qutudan orta hesabla 103 kiloqram məhsul əldə etməklə Naxçıvan Muxtar Respublikası üzrə ikinci yerə çıxıb. Kümçü qeyd edir ki, baramaçılıq zəhmətli olsa da, eyni zamanda, maraqlı sahədir. Böyük məsuliyyət, nizam-intizam və davamlı qayğı tələb edir. Bütün qaydalara düzgün əməl edildiyi halda yüksək məhsuldarlıq əldə etmək tamamilə mümkündür.
Naxçıvanda baramaçılıq sahəsində son illərdə əldə olunan uğurlu nəticələr göstərir ki, dövlət dəstəyi, düzgün təşkilatlanma və kənd sakinlərinin artan marağı ənənəvi təsərrüfat sahəsinin yenidən inkişafına mühüm zəmin yaradıb. Bu baxımdan yeni Dövlət Proqramı baramaçılığın inkişafı üçün yeni perspektivlər açır. Proqram çərçivəsində kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması, məhsuldarlığın yüksəldilməsi, emal imkanlarının genişləndirilməsi və kənd yerlərində məşğulluğun gücləndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər bu sahənin inkişafına da mühüm töhfə verəcək. Artan istehsal göstəriciləri, kümçülərin qazandığı uğurlar və kəndlərdə formalaşan yeni təsərrüfat ənənələri onu deməyə əsas verir ki, Dövlət Proqramında müəyyənləşdirilən hədəflərin ardıcıl icrası Naxçıvanda baramaçılığın daha da genişlənməsinə, iqtisadi səmərəliliyin artmasına və bu sahənin dayanıqlı inkişafının təmin olunmasına əlavə stimul yaradacaq. Beləliklə, baramaçılıq təkcə kənd təsərrüfatının ənənəvi sahələrindən biri deyil, həm də kənd əhalisinin gəlirlərinin artırılmasına, məşğulluğun təmin edilməsinə və regionun sosial-iqtisadi inkişafına töhfə verən mühüm fəaliyyət istiqaməti kimi öz əhəmiyyətini daha da möhkəmləndirəcək.
Müxbir- Nail Əsgərov