DİM-in əməkdaşı: Musiqi sənəti üzrə qabiliyyət imtahanlarında hər gün 90-dan çox abituriyent iştirak edir VİDEO
Bakı, 3 iyul, AZƏRTAC
Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarında hər gün 90-dan çox abituriyent iştirak edir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin əməkdaşı Günel Qulamova qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə təşkil olunan mediatur zamanı deyib. O bildirib ki, musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına iyulun 1-də start verilib və imtahanlar müxtəlif ixtisaslar üzrə davam edir.
“Hər gün 90-98 nəfərin qabiliyyət imtahanı keçirilir. Bu gün isə 92 abituriyent imtahan verir. Hər otaqda 10-11 nəfərin iştirakı ilə imtahan təşkil olunur”, - deyə G.Qulamova qeyd edib. Onun sözlərinə görə, qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər əsasən 11 illik musiqi təhsili almış və ya musiqi kollecini bitirmiş şəxslərdir. Bu da onların hazırlıq səviyyəsinin və imtahan nəticələrinin yüksək olmasına müsbət təsir göstərir.
DİM-in əməkdaşı bildirib ki, bu gün instrumental ifaçılıq üzrə fortepiano, violonçel, qarmon, nağara, saz və digər alətlər, həmçinin xanəndəlik ixtisası üzrə qabiliyyət imtahanları keçirilir. İmtahanların qiymətləndirilməsində müxtəlif ali təhsil müəssisələrinin professor və ekspertləri iştirak edirlər. Nəticələrdən narazı qalan abituriyentlər üçün imtahandan dərhal sonra apellyasiya komissiyası fəaliyyət göstərir. Müraciətlər ekspertlər tərəfindən araşdırılır, qiymətləndirmə izah edilir və ifa zamanı buraxılan nöqsanlar abituriyentlərin diqqətinə çatdırılır.
Günel Qulamova əlavə edib ki, indiyədək musiqi sənəti istiqaməti üzrə 284 abituriyent qabiliyyət imtahanı verib.