Şərurda baş verən qəzada bir ailənin 3 üzvü ölüb, 1-i xəsarət alıb - YENİLƏNİB VİDEO
Naxçıvan, 6 iyul, AZƏRTAC
İyulun 5-də Şərur rayonunun Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü – ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, Şərur rayon sakini Rəşad Məmmədov idarə etdiyi “Lifan” markalı avtomobillə hərəkətdə olarkən, hazırda istintaqa məlum olmayan səbəbdən idarəetməni itirərək qarşıdan gələn nəqliyyatın vasitəsinin hərəkət zolağına çıxıb və həmyerlisi Nəvai Həsənovun idarə etdiyi “VAZ” markalı avtomobillə toqquşub.
Nəticədə Nəvai Həsənov və sərnişinləri - həyat yoldaşı və azyaşlı övladı hadisə yerində həlak olub, 7 yaşlı qızı, eləcə də R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
“Bir ailənin məhvinə səbəb olan bu ağır yol-nəqliyyat hadisəsi dərin təəssüf hissi doğurmaqla yanaşı, sükan arxasında verilən yanlış qərarların hansı faciələrə səbəb olduğunu növbəti dəfə nümayiş etdirir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, təkcə özlərinin deyil, doğmalarının və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır”, - deyə məlumatda vurğulanıb.
02:51
Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Püsyan kəndi ərazisindən keçən hissədə qeydə alınıb. Belə ki, 68-BC-455 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə 68-BB-655 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı" avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb. Ata Nəvai Həsənov, ana Tamara Həsənova və onların azyaşlı övladları Alparslan Həsənov hadisə yerində həyatlarını itiriblər. Ailənin digər övladı İnci Həsənova və "NAZ-Lifan" markalı avtomobilinin sürücüsü Rəşad Məmmədov Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Müxbir- Nail Əsgərov