Ramid Namazov: Süni intellekt və rəqəmsallaşma ölkələrin gələcəyini müəyyən edən strateji amilə çevrilib VİDEO
Bakı, 9 iyul, AZƏRTAC
Bugünkü dünyada gedən proseslərə nəzər saldıqda aydın görürük ki, süni intellektin sürətli inkişafı, data mərkəzlərin yaradılması və rəqəmsallaşdırma artıq, sadəcə, texnoloji trend deyil, bu, ölkələrin gələcək iqtisadi mövqeyini, rəqabət qabiliyyətini və milli təhlükəsizliyini müəyyən edən strateji amilə çevrilib. Azərbaycanın rəqəmsal arxitekturasının qurulmasında, ümumiyyətlə, rəqəmsal transformasiyasında Prezident İlham Əliyevin strateji uzaqgörənliyi xüsusilə qeyd olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 9-da Parlamentdə keçirilən “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.
O bildirib ki, bu prosesin hər bir mərhələsi bilavasitə Prezidentin şəxsi iştirakı və qərarları ilə bağlıdır. Bu sahədə görülən işlərin miqyasını anlamaq üçün yalnız son dörd ildə onun imzası ilə qəbul edilən hüquqi aktlara nəzər salmaq kifayətdir. Belə ki, 2022-ci ildə təsdiq edilmiş Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası, bu strategiyada ölkəmizin rəqəmsal iqtisadiyyata keçidinin sürətləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi artıq nəzərdə tutulurdu.
Fotoqraf - Aydın Məmmədov