Deputat: Azərbaycanın strateji mövqeyi fiber-optik dəhlizlərin inkişafı üçün böyük potensial yaradır VİDEO
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycanın Asiya ilə Avropa arasında Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşməsi artıq mövcud olan nəqliyyat, energetika infrastrukturunun fiber-optik dəhlizlərə çevrilməsi potensialını daha da artırır.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 9-da Parlamentdə keçirilən “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.
O qeyd edib ki, ölkəmizin son 20 ildə generasiya gücü təxminən iki dəfə artaraq 10 min meqavata çatıb və hazırda ən azı 2 min meqavat istifadə olunmayan güc mövcuddur. Bu da data mərkəzləri və süni intellekt infrastrukturunun başlıca şərtidir.
Ramid Namazovun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsallaşma sahəsində atılan addımlar nəticəsində rəqəmsal inkişafla bağlı institusional mexanizm gücləndirilib. Dövlətimizin başçısının müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb və Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Şuraya “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrasına nəzarət və nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi həvalə edilib.
Fotoqraf - Aydın Məmmədov