Komitə sədri: Valideynlər uşaqların rəqəmsal həyatında fəal iştirak etməlidirlər VİDEO
Bakı, 9 iyul, AZƏRTAC
Rəqəmsal inkişaf ölkələrin rəqabət qabiliyyətini artıran əsas amillərdən biridir. Bu inkişaf sayəsində dövlət xidmətləri daha əlçatan olur, biznes prosesləri sürətlənir, vətəndaş məmnuniyyəti artır və iqtisadi səmərəlilik yüksəlir. Təhsil sahəsində distant təhsil imkanları genişlənir, səhiyyədə elektron xidmətlər inkişaf edir, kənd təsərrüfatında ağıllı texnologiyalar tətbiq olunur, sənayedə isə avtomatlaşdırma məhsuldarlığı artırır.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 9-da Parlamentdə keçirilən “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
O bildirib ki, bu gün uşaqların böyük əksəriyyəti gündəlik həyatının mühüm hissəsini sosial şəbəkələrdə keçirir. Onlar burada ünsiyyət qurur, məlumat əldə edir, öyrənir və əylənirlər. Lakin sosial şəbəkələrin faydaları ilə yanaşı, ciddi təhlükələri də mövcuddur. Sosial şəbəkələrdə təhqir, alçaldıcı rəylər, təhdidlər və məqsədli psixoloji təzyiq uşaqların emosional sağlamlığına mənfi təsir göstərir. Bir çox hallarda kibertəzyiq uşaqlarda özünəinamın azalmasına, sosial təcridə, depressiyaya və hətta daha ağır psixoloji nəticələrə səbəb ola bilir. Zərərli və yaşa uyğun olmayan məzmunun əlçatanlıq şiddət, nifrət nitqi, dezinformasiya, manipulyativ reklamlar və digər uyğun olmayan materiallar uşaqların psixoloji inkişafına mənfi təsir göstərə bilər.
“Valideynlər uşaqların rəqəmsal həyatında fəal iştirak etməli, onlarla açıq dialoq qurmalı, internetdən təhlükəsiz istifadə qaydalarını izah etməli və onlayn fəaliyyətlərinə maraq göstərməlidirlər. Nəzarət yalnız məhdudlaşdırmaq deyil, həm də etibar və maarifləndirmə üzərində qurulmalıdır”, - deyə komitə sədri vurğulayıb.
Fotoqraf - Aydın Məmmədov