Evald Köniq: Dünyanın tolerantlıq sahəsində Azərbaycandan öyrənəcəyi nümunələr çoxdur VİDEO
Berlin, 9 iyul, AZƏRTAC
Bu günlərdə Türkiyədə NATO Sammiti keçirildi. Bu o deməkdir ki, indi bütün dünya diqqətini münaqişələrə və müharibələrə yönəldib. Məhz belə bir vaxtda dialoqa - mədəniyyətlərarası və dinlərarası dialoqa, eləcə də sülh təşəbbüslərinə xidmət edən addımların atılması çox təqdirəlayiqdir. Azərbaycan uzun illərdir ki, bu istiqamətdə ardıcıl fəaliyyət göstərir və hazırda oktyabrda keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işləri görülür.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində VII Mədəniyyətlərarası Dialoq Forumu ilə əlaqədar Almaniya ictimaiyyətini və media mühitini məlumatlandırmaq məqsədilə Berlində təşkil olunan tədbirin moderatoru, tanınmış jurnalist Evald Köniq deyib.
Tədbirdə Azərbaycanın tarixi, zəngin multikulturalizm irsi və mədəniyyətlərarası dialoqa töhfələri haqqında yerli media nümayəndələrinə ətraflı mlumat verildiyini diqqətə çatdıran E. Köniq qeyd edib: “Azərbaycanda nə qədər fərqli etnik qrupun mövcud olduğunu və onların birgə, dinc şəraitdə yaşadığını, eləcə də ölkədə müxtəlif dinlərin nümayəndələrinin bərabər səviyyədə həyat sürdüyünü görəndə, bunu həqiqətən də bir nümunə kimi qəbul etmək olar. Azərbaycan bununla tamamilə haqlı olaraq fəxr edir. Dünyanın bu sahədə Azərbaycandan öyrənə biləcəyi nümunələr çoxdur”.