“ING Bank” neft qiymətləri ilə bağlı proqnozunu endirib VİDEO
Bakı, 10 iyul, AZƏRTAC
“ING Bank” xam neft qiymətlərinə dair proqnozunu aşağı istiqamətli dəyişib.
AZƏRTAC xəbər verir ki, bank cari ilin üçüncü rübündə “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 80 dollar, dördüncü rübdə isə 74 dollar olacağını gözləyir.
“Bu proqnoz neft tədarükünün əhəmiyyətli dərəcədə pozulmayacağı fərziyyəsinə əsaslanır. Lakin, ABŞ-İran gərginliyinin yenidən artması bu fərziyyəni həddindən artıq optimist edə bilər”, - deyə bank bildirir.
Hazırda Londonun ICE birjasında “Brent” neftinin bir bareli 76,18 dollara, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir bareli isə 71,94 dollara satılır.
ABŞ-İran gərginliyi neft qiymətlərinə təsirsiz ötüşmür. Həftəlik əsasda “Brent” neftinin qiymətində təxminən 6 faiz, “Light”da isə 5 faiz artım gözlənilir.