Bakıtbek Alişerov: TDT-yə üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanlarının imzaladığı memorandum birgə səylərin effektivliyini yüksəldəcək VİDEO
Bakı, 10 iyul, AZƏRTAC
Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu və TDT-nin Maliyyə Kəşfiyyatı Orqanları rəhbərlərinin ikinci görüşü ortaq problemlərin müzakirəsi, o cümlədən çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizəyə birgə yanaşmaların hazırlanması üçün vacib platformadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Kəşfiyyatı Xidməti sədrinin müavini Bakıtbek Alişerov jurnalistlərə açıqlamasında deyib.
O, bu həftə ənənəvi olaraq dünyanın hər yerindən Maliyyə Kəşfiyyatı Orqanlarını mövcud təhdidləri müzakirə etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək üçün bir araya gətirən Eqmont Qrupunun plenar həftəsinin yekununu qeyd edib və bildirib ki, bu kontekstdə bugünkü görüş regional səviyyədə dialoqun məntiqi davamı olub.
“Maliyyə Kəşfiyyatı Orqanları rəhbərlərinin ilk görüşünün ötən il Qırğız Respublikasında keçirilməsi bizim üçün xüsusilə vacib idi. Həmin dövrdə TDT-yə üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanları arasında daha sıx əməkdaşlığın təməli qoyuldu və bu gün həmin işin konkret nəticələrini görürük. Bugünkü forumun əsas nəticəsi TDT-yə üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanları arasında qarşılıqlı fəaliyyət üzrə Əməkdaşlıq Platformasının yaradılması haqqında memorandumun imzalanması oldu. Əminəm ki, bu mexanizm ölkələrimiz arasında əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirəcək, informasiya mübadiləsinin sürətini artıracaq və maliyyə cinayətkarlığına qarşı mübarizədə birgə səylərin effektivliyini yüksəldəcək”, - deyə Bakıtbek Alişerov qeyd edib.
Onun sözlərinə görə, hazırkı şəraitdə heç bir ölkə bu cür təhdidlərlə təkbaşına effektiv şəkildə mübarizə apara bilməz: “Məhz bu səbəbdən orqanlar arasında praktik əməkdaşlığın və etimadın gücləndirilməsi həm dövlətlərimizin təhlükəsizliyi, həm də bütün regionun davamlı inkişafı baxımından böyük əhəmiyyətə malikdir”.