Zaur Fətizadə: Əməkdaşlıq Platforması qlobal səviyyədə maliyyə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində ortaq iradəmizin göstəricisidir VİDEO
Bakı, 10 iyul, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, imzalanmış memorandum əsasında yaradılan Əməkdaşlıq Platforması məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, birgə risklərin qiymətləndirilməsi və maliyyə cinayətləri ilə mübarizədə koordinasiyanın gücləndirilməsi üçün institusional mexanizm rolunu oynayacaq. Azərbaycan bu təşəbbüsün formalaşdırılmasına və gələcək inkişafına fəal töhfə verməyə davam edəcək.
"İnanırıq ki, birgə səylərimiz beynəlxalq standartlara uyğun, daha effektiv və dayanıqlı əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verəcək. Bu platforma yalnız regionda deyil, qlobal səviyyədə də maliyyə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində ortaq iradəmizin göstəricisidir", - deyə Zaur Fətizadə vurğulayıb.
Fotoqraf - Səfiyar Məcnun