Kubanıçbek Ömüralıyev: İmzalanan sənədlər TDT-yə üzv dövlətlərin maliyyə kəşfiyyatı sahəsində əməkdaşlığını gücləndirəcək VİDEO
Bakı, 10 iyul, AZƏRTAC
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanları rəhbərlərinin Bakıdakı görüşü zamanı imzalanan memorandum maliyyə kəşfiyyatı və intizamı sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev deyib.
O, bu tədbirin TDT-yə üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanlarının ikinci görüşü olduğunu və çox əlverişli vaxtda baş tutduğunu qeyd edib.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq demək olar ki, bütün istiqamətlərdə - Daxili İşlər nazirlikləri, hüquq-mühafizə, nəqliyyat, texnologiya, iqtisadiyyat və digər sahələrdə inkişaf edir. Eyni zamanda, bütün bu sahələrdə maliyyə intizamı da vacibdir”, - deyə Baş katib vurğulayıb.
Kubanıçbek Ömüralıyev imzalanan sənədin üzv dövlətlər arasında bu sahədə birgə fəaliyyətin inkişaf etdirilməsinə yönəldiyini deyib.
“Birlikdə fəaliyyət göstərdikdə daha da güclənirik. Maliyyə Kəşfiyyatı Orqanlarının və məsul qurumların rəhbərlərinin bu gün verdiyi qərar əməkdaşlığımızın daha da inkişafının və möhkəmlənməsinin göstəricisidir”, - deyə o bildirib.