Baş katib: Azərbaycan gömrüyü beynəlxalq standartlara uyğun uğurlu modernləşmə yolu keçir VİDEO
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan gömrüyü beynəlxalq standartlara uyğun uğurlu modernləşmə yolu keçir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Ian Saunders jurnalistlərə açıqlamasında bildirib.
“Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyətində əldə olunan mühüm irəliləyişlərlə tanış olmaq imkanı qazandım”, - deyən Baş katib DGK-da həyata keçirilən islahatları yüksək qiymətləndirib.
Ian Saunders qeyd edib ki, səfər zamanı ona təqdim olunan məlumatlar Azərbaycan gömrüyündə ÜGT standartlarına uyğun aparılan hərtərəfli islahatların və modernləşmə prosesinin uğurla davam etdiyini göstərir: “Mənə təqdim olunan təqdimatlar beynəlxalq standartların uğurla tətbiq olunduğunu və gömrük administrasiyasının fəaliyyətini müasirləşdirmək istiqamətində güclü iradə nümayiş etdirdiyini təsdiqləyir. İndiyədək əldə etdiyim təəssüratlar olduqca müsbətdir və qarşıdakı günlərdə həyata keçirilən yeniliklərlə daha yaxından tanış olacağıma ümid edirəm”.
Baş katib ÜGT ilə Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığın uzun illərdir möhkəm əsaslar üzərində qurulduğunu və hazırda da uğurla inkişaf etdiyini qeyd edib: “Azərbaycan ÜGT-nin əsas işçi və idarəetmə orqanlarında fəal iştirak edərək öz təcrübəsini və təşəbbüslərini beynəlxalq gömrük ictimaiyyəti ilə bölüşür. Eyni zamanda, ÜGT tərəfindən akkreditə olunmuş azərbaycanlı ekspertlər digər üzv ölkələrdə potensialın gücləndirilməsi layihələrində iştirak edərək öz bilik və təcrübələrini paylaşırlar”.
O qeyd edib ki, Azərbaycan son illərdə ÜGT-nin potensialın gücləndirilməsi proqramlarına maliyyə dəstəyi də göstərərək beynəlxalq gömrük əməkdaşlığının inkişafına mühüm töhfə verir: “Azərbaycan öz ekspert biliklərini, idarəetmə təcrübəsini və maliyyə dəstəyini beynəlxalq gömrük ictimaiyyətinin inkişafına yönəldir. Bu, ÜGT ilə Azərbaycan arasında əməkdaşlığın nə qədər güclü və səmərəli olduğunu bir daha təsdiqləyir”.