İlqar Bayramlı: Bu il peşə təhsilində 7 ixtisas üzrə beynəlxalq sertifikat əldə etmək imkanı təqdim olunur VİDEO
Bakı, 23 iyul, AZƏRTAC
Peşə təhsilində beynəlxalq sertifikatlı təhsil imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Cari ildə 7 ixtisas üzrə beynəlxalq sertifikat əldə etmək imkanı təqdim olunur.
AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı brifinqdə deyib.
Direktor bildirib ki, beynəlxalq sertifikat proqramları “Code Academy”, “Baku Design Academy”, “IMZA Group” və “KVET” Əlavə Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Beynəlxalq sertifikat əldə etmək imkanı interyer dizaynı, kibertəhlükəsizlik, veb-dizayner və proqram təminatçısı, qrafik dizayner, informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi, mühasibat uçotu və elektrik qaz qaynaqçısı ixtisaslarını əhatə edir.