Gənc tədqiqatçı: Laboratoriyalarda əldə olunan biliklər şəhərdaxili hərəkətin planlaşdırılmasında tətbiq edilir VİDEO
Bakı, 30 iyul, AZƏRTAC
Müasir dövrdə elmi-tədqiqat sahəsində gənclərin potensialından səmərəli istifadə olunması prioritet istiqamətlərdən biridir. Gənc alim və tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi, onların müasir laboratoriyalarda araşdırmalar aparması və beynəlxalq təcrübədən faydalanması ölkədə elmin inkişafına töhfə verir. Bu məqsədlə ali təhsil müəssisələrində yaradılan elmi infrastruktur gənclərin nəzəri biliklərini praktikada tətbiq etməsinə və real layihələrdə iştirakına imkan yaradır. AZƏRTAC bu istiqamətdə hazırladığı silsilə materialları davam etdirir.
AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun elmi işçisi, Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının baş müəllimi Məmməd Məmmədov AZƏRTAC-a açıqlamasında universitetdə fəaliyyət göstərən müasir laboratoriyaların elmi araşdırmaların aparılması, praktik layihələrin həyata keçirilməsi və gələcək mütəxəssislərin hazırlanmasındakı rolundan danışıb. Onun sözlərinə görə, institutun PTV və CRENG laboratoriyaları həm elmi tədqiqatların aparılması, həm də ölkədə həyata keçirilən nəqliyyat layihələrinin icrasında mühüm rol oynayır.
“CRENG laboratoriyası Erasmus+ proqramı çərçivəsində həyata keçirilən beynəlxalq layihə əsasında yaradılıb. Layihədə Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov və kafedra əməkdaşları iştirak edərək Polşa və Fransada əldə etdikləri təcrübəni Azərbaycana gətiriblər. Bunun nəticəsində institutumuzda CRENG və PTV laboratoriyaları yaradılıb və 2021-ci ildən fəaliyyət göstərir”, – deyə o bildirib.
Müsahibimiz bildirib ki, laboratoriyaların imkanlarından yalnız elmi tədqiqatlarda deyil, ölkə üzrə həyata keçirilən praktiki layihələrdə də istifadə olunur.
“2022-ci ildən etibarən Azərbaycanın 44 şəhəri üzrə şəhərdaxili hərəkət planlarının hazırlanması zamanı PTV və CRENG laboratoriyalarından istifadə olunub. Topladığımız məlumatları proqram təminatında təhlil edib müxtəlif modellər qurmuş, əldə etdiyimiz nəticələr əsasında təkliflər hazırlayaraq aidiyyəti icra hakimiyyəti orqanlarına təqdim etmişik. Bu prosesdə əsasən məsləhət xidmətləri həyata keçirmişik”, – deyə gənc tədqiqatçı vurğulayıb.
Müsahibimizin sözlərinə görə, laboratoriyalar tədris prosesinin də ayrılmaz hissəsidir. Burada tələbələr buraxılış işi, magistr və doktorluq dissertasiyası, laboratoriya və fərdi tapşırıqların üzərində işləyərək müasir proqram təminatı ilə praktiki bacarıqlar əldə edirlər.
“Burada qazandıqları bilik və bacarıqlar sonradan onların peşə fəaliyyətində öz əksini tapır. Məzunlarımız müxtəlif dövlət qurumlarında, xüsusilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində fəaliyyət göstərir və laboratoriyalarda öyrəndikləri proqramlardan iş prosesində istifadə edirlər”, – deyə o bildirib.
Hazırda apardığı elmi tədqiqatlardan danışan Məmməd Məmmədov diqqətə çatdırıb ki, dissertasiya işi piyadaların hərəkət təhlükəsizliyinə təsir edən amillərin tədqiqi və modelləşdirilməsinə həsr olunub. Tədqiqat çərçivəsində laboratoriyalarda müxtəlif sınaqlar aparılır və əldə olunan nəticələr elmi işdə tətbiq edilir.
Gənc tədqiqatçı bildirib ki, araşdırmalarda beynəlxalq təcrübədən də istifadə olunur. Bu istiqamətdə yol hərəkəti təhlükəsizliyi sahəsində geniş tətbiq edilən “Vision Zero” konsepsiyasının prinsipləri öyrənilir və onların gələcəkdə yerli şəraitdə tətbiqi imkanları araşdırılır.
“Əsas məqsəd istər piyada axınlarının, istər yük və sərnişin daşımalarının, istərsə də ümumilikdə hərəkətin təhlükəsiz və səmərəli təşkilinə töhfə verməkdir. Bu istiqamətdə laboratoriyalarda aparılan tədqiqatlar həm elmi, həm də praktik baxımdan böyük əhəmiyyət daşıyır”, – deyə Məmməd Məmmədov əlavə edib.
Müxbir - Lalə Minasazova