Memar: Daşa ad yazmaqdansa, həmin tarixi irsi qorumaq şəhidə daha böyük ehtiram əlamətidir VİDEO
Bakı, 4 sentyabr, AZƏRTAC
Şuşanın hər daşı və qayası özündə tarix yaşadır. Lakin bəzi turistlərin bu daşların üzərinə adlarını və müxtəlif yazıları həkk etməsi həmin tarixi irsə vətəndaş münasibətilə bağlı ciddi suallar yaradır. Tarixi-mədəni irsin qorunması baxımından bu cür halların qarşısının alınması, həmçinin cəmiyyətin məsələ ilə bağlı maarifləndirilməsi vacibdir. Şuşaya səfər edən və bu halları şəxsən görən biri kimi deyə bilərəm ki, qarşılaşdığım mənzərə qəbuledilməzdir.
Bunu AZƏRTAC-a açıqlamasında Şuşada Cıdır düzündə qaya daşlarının üzərinə adların yazılmasına münasibət bildirən memar Aysel Hüseynova deyib.
O, xüsusilə şəhidlərin adlarının qayaların və tarixi daşların üzərinə yazılması məsələsinə həssas yanaşmağın vacibliyini vurğulayıb: “Şəhidlərin xatirəsi müqəddəsdir. Amma düşünmürəm ki, şəhidin adını tarixi daşın üzərinə yazmaq ona hörmətin düzgün formasıdır. Əksinə, bu, həm tarixi-mədəni irsə müdaxilədir, həm də şəhid adının əbədiləşdirilməsi kimi müqəddəs anlayışın mahiyyətinə uyğun deyil. Şəhidlərin adlarını yaşatmaq üçün ölkəmizdə kifayət qədər abidələr, memorial komplekslər, xiyabanlar və digər xüsusi məkanlar var. Bu adlar məhz peşəkar və ləyaqətli şəkildə əbədiləşdirilməlidir. İnsan özünü “şəhidin adını yazdım, xatirəsini yaşatdım” düşüncəsi ilə əsaslandıra bilər. Lakin nəticədə tarixi daşın və ya qayanın görünüşü korlanırsa, bunu xatirəyə hörmət hesab etmək olmaz”.
“Şuşaya, tarixi abidələrimizə, ən əsası isə Vətən uğrunda canından keçən şəhidlərimizə olan sevgimizi onların xatirəsini yaşadan məkanlara zərər vurmaqla deyil, həmin irsi qorumaqla göstərməliyik. Şəhidlərin xatirəsinə ən böyük hörmət, onların uğrunda can verdiyi torpağı qorumaq, həmin torpağın tarixini, daşını, abidələrini və şəhər mədəniyyətini gələcək nəsillərə çatdırmaqdır. Daşa ad yazmaqdansa, həmin tarixi irsi qorumaq şəhidə daha böyük ehtiram əlamətidir”, - deyə memar qeyd edib.
Müxbir – Gülay Nəzərova