AZƏRTAC və Vyetnamın VNA xəbər agentliyi informasiya mübadiləsini gücləndirəcəklər VİDEO
Moskva, 21 sentyabr, AZƏRTAC
AZƏRTAC və Vyetnamın VNA xəbər agentliyi informasiya mübadiləsini gücləndirəcəklər.
Bununla bağlı razılaşma AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin VNA agentliyinin baş direktoru xanım Vu Viet Tranq ilə görüşündə əldə olunub.
Moskvada Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) 65 illik yubiley tədbirinə həsr olunmuş media forumu çərçivəsində keçirilən görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti diqqət mərkəzində olub.
VNA ilə əməkdaşlığa böyük önəm verildiyini bildirən Vüqar Əliyev sosial medianın güclü təsirləri fonunda xəbər agentliklərinin əməkdaşlığı daha da genişləndirmələrinin zəruriliyini qeyd edib. Bildirib ki, bunun ən aydın göstəricisi ikitərəfli xəbər mübadiləsidir və bu məsələyə diqqətin artırılmasına böyük ehtiyac var. Bu, ölkələrimiz barədə ən doğru məlumatların yayılmasında, eyni zamanda, faktların təhrif edilməsinin qarşısının alınmasında böyük rol oynayır.
AZƏRTAC ilə əməkdaşlığın onlar üçün də önəmli olduğunu söyləyən xanım Vu Viet Tranq VNA agentliyinin hər il Şuşa Qlobal Forumunda təmsil olunduğunu söyləyib. Qeyd edilib ki, etibarlı xəbər mənbəyi olan agentliklərin məlumatları məhz dezinformasiyaya qarşı güclü təsir alətidir. O da öz tərəflərindən xəbər mübadiləsinin genişləndirilməsi istiqamətində səylərini artıracaqlarını vurğulayıb.
Xatırladaq ki, AZƏRTAC və VNA ötən ilin mayında Bakıda yeni əməkdaşlıq memorandumu imzalayıb. Hər iki agentlik OANA çərçivəsində uğurla əməkdaşlıq edir.