Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb VİDEO
Moskva, 21 sentyabr, AZƏRTAC
Moskvada Asiya və Sakit Okean Ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının (OANA) 65 illiyinə həsr olunmuş, regionun aparıcı informasiya agentliklərinin rəhbər və nümayəndələrini bir araya gətirən media forumu başa çatıb.
AZƏRTAC xəbər verir ki, yubiley forumunda qlobal media məkanının sürətlə dəyişdiyi şəraitdə informasiya agentliklərinin rolu, peşəkar əməkdaşlığın inkişafı, dezinformasiyaya qarşı mübarizə, süni intellektdən istifadə və keyfiyyətli jurnalistika standartlarının qorunması məsələləri müzakirə olunub.
Forumun işi “Tarix və inkişaf: Asiya-Sakit okean regionunda 65 illik informasiya mübadiləsi” adlı fotosərginin açılışı ilə başlayıb.
Media forumunun iştirakçılarına Rusiya Prezidenti Vladimir Putinin müraciəti ünvanlanıb. Müraciəti Prezidentin mətbuat katibi Dmitri Peskov oxuyub.
Forum çərçivəsində üç tematik sessiya keçirilib. Sessiyalarda dezinformasiya və saxta xəbərlərlə mübarizəyə müasir yanaşmalar, mediada süni intellektdən istifadənin metodologiyası və etik aspektləri, həmçinin peşəkar standartların qorunması və informasiya məzmununun keyfiyyətinin artırılması strategiyaları müzakirə edilib.
Media forumunda AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Vüqar Əliyev də iştirak edib. Plenar iclasda çıxış edən Vüqar Əliyev bildirib ki, sosial şəbəkələrin, mobil texnologiyaların və süni intellektin inkişafı informasiyanın hazırlanması və istehlakı üsullarını köklü şəkildə dəyişir, informasiya agentliklərini yeni formatlara uyğunlaşmağa vadar edir. Onun sözlərinə görə, texnoloji dəyişikliklərdən asılı olmayaraq, etibarlılıq peşəkar jurnalistikanın fundamental dəyəri olaraq qalır.
AZƏRTAC-ın İdarə Heyətinin sədri vurğulayıb ki, süni intellektdən ayrı-ayrı redaksiya proseslərinin sürətləndirilməsi və böyük həcmdə informasiyanın emalı üçün istifadə etmək mümkündür, lakin materialın mənbəyinə, kontekstinə və etibarlılığına görə məsuliyyət jurnalistin üzərində qalmalıdır. Onun sözlərinə görə, müasir informasiya agentliyinin vəzifəsi yeni texnologiyalara müqavimət göstərmək deyil, peşəkar standartlara ciddi riayət etməklə onlardan düzgün istifadə etməkdir.
Müzakirələr zamanı müxtəlif ölkələrin informasiya agentliklərinin rəhbərləri və nümayəndələri ənənəvi medianın rəqəmsal mühitə uyğunlaşdırılması təcrübəsini bölüşüb, sosial platformaların, mobil cihazların və xəbərin təqdimatında yeni formatların artan rolunu, habelə auditoriyanın peşəkar informasiya mənbələrinə etimadının möhkəmləndirilməsi zərurətini vurğulayıblar.
Yubiley forumu “OANA Awards” çərçivəsində mükafatlandırma mərasimi ilə başa çatıb. Tədbirin sonunda forum iştirakçıları birgə foto çəkdiriblər.
OANA 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə yaradılıb. Təşkilatın əsas məqsədi dünya əhalisinin yarıdan çoxunun yaşadığı Asiya-Sakit okean regionunda informasiya agentlikləri arasında xəbərlərin birbaşa və sərbəst mübadiləsini təmin etməkdir. 2025–2028-ci illərdə OANA-ya TASS sədrlik edir.