"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO
Xocavənd, 1 oktyabr, AZƏRTAC
Azərbaycan, Özbəkistan və Türkiyənin hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə təşkil olunan “Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində təşkil olunan tədbirdə iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, ordularının baş qərargah rəisləri, eləcə də digər yüksək vəzifəli qonaqlar iştirak ediblər.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbir iştirakçılarını salamlayaraq təlimin gedişatı, tapşırıqları və yerinə yetirilmə ardıcıllığı barədə məlumat verib.
Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov bu cür təlimlərin ölkələrimiz arasında dostluq və qardaşlığın artırılması, vahid güc formalaşdırılması baxımından əhəmiyyətini qeyd edib, hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Təlimin planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqları, habelə müxtəlif taktiki epizodları icra ediblər.
Təlim sahəsində şəxsi heyətin zirehli nəqliyyat vasitələri ilə əməliyyat sahəsinə daşınması, yaşayış məntəqələrində döyüş, mina sahələrindən keçidlərin açılması, şərti terrorçuların mövqelərinə basqın və obyektlərin şərti düşməndən təmizlənərək ələ keçirilməsi, tankəleyhinə vasitələrlə zirehli texnikalarının məhv edilməsi fəaliyyətləri yerinə yetirilib.
Tapşırıqlar döyüş helikopterlərinin, zirehli texnikaların və artilleriya vasitələrinin atəş dəstəyi ilə qarşılıqlı fəaliyyət və uzlaşma şərtlərində icra olunub.
Bununla yanaşı, gəmiyə havadan PUA hücumunun qarşısının alınması, terrorçular tərəfindən ələ keçirilmiş dəniz özülünün, gəminin və girovların azad olunması, eləcə də adaya dəniz desantı çıxarmaqla terrorçuların bazasının məhv edilməsi üzrə fəaliyyətlər təqdim olunub.
Eyni zamanda, təlimin Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" və Bakı şəhərindəki "Qaraheybət" təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasına aid "Böyük Zirə" təlim sahəsində icra edilən tapşırıqlar onlayn rejimdə izlənilib.
21 sentyabr-1 oktyabr tarixlərində keçirilən təlimin məqsədi iştirakçı ölkələrin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və dostluq əlaqələrinin gücləndirilməsidir.
Müşahidəçilər tərəfindən təlimdə iştirak edən şəxsi heyətin peşəkarlıq səviyyəsi müsbət qiymətləndirib.
Sonda iştirakçılara hədiyyələr təqdim olunub, təlimdə fərqlənən bir qrup hərbi qulluqçular medallarla təltif edilib.
Qeyd edək ki, "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə yerli və xarici media nümayəndələri də iştirak ediblər.
14:21
Oktyabrın 1-də Xocavənd rayonunun ərazisində yerləşən Qızılqaya təlim mərkəzində “Birliyin Gücü - 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ilə yanaşı, iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, baş qərargah rəisləri, digər yüksəkvəzifəli qonaqlar, həmçinin yerli və xarici media nümayəndələri "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək məqsədilə təlim mərkəzinə səfər ediblər.
Qonaqlar təlim çərçivəsində təşkil olunan sərgidə Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilmiş və təlimdə istifadə olunan silah, texnika, insansız sistemlər, aviasiya vasitələri və digər xüsusi hərbi avadanlıqlarla tanış olublar.
Daha sonra yüksəksəviyyəli qonaqlar təlimin növbəti mərhələlərini və praktiki fəaliyyətləri izləyəcəklər.