Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO
Qəbələ, 1 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ukraynalı uşaqlar hazırda Agentliyin tabeliyində olan Qəbələ Uşaq Reabilitasiya Mərkəzində üçün xüsusi proqramlara cəlb edilib.
10 günlük proqram çərçivəsində uşaqlar tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunur. Onlar müxtəlif qruplar halında və dərnəklər şəkilində təlimlərdə iştirak edirlər.
Rəsm dərnəyində məşğul olan Anastasiya deyir ki, artıq iki gündür füsunkar təbiəti olan Qəbələdə dincəlir. Onların istirahəti, müalicələri üçün bütün şərait yaradılıb.
Ukraynalı uşaqların qrup rəhbəri Svetlana Kaliniçenki deyir ki, mərkəzdə proqram çərçivəsində uşaqlar üçün fərdi psixoloji konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri keçirilir. Habelə uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və digər reabilitasiya xidmətlərindən yararlanırlar.
Səhər təlimi və idman hərəkətləri başa çatandan sonra uşaqlar “Qəbələnd” istirahət mərkəzinə yollanır. Geniş ərazidə müxtəlif oyunların, əyləncəli attraksionların olduğu bu mərkəzdə ukraynalı uşaqlar əyləncəli vaxt keçirirlər.
Yannislə söhbət edirik. Deyir ki, müharibə zonasında yaşayırlar. Hər gün silah səsləri eşitmək, dronları görmək bizim üçün çətindir. Bu mənada Qəbələdə dincəlmək əsl terapiyadır. Yannis əlavə edir ki, müharibə şəraitində yaşadıqları bir neçə ildən sonra burada fərqli, sakit gecələr keçirir, dostlarla yaxşı əylənirlər. “Bu günlər xatirəmizdə həyatımızın ən yaxşı günləri kimi qalacaq”, - deyə o fikrini tamamlayır.
Yannisin yaxın dostu Nikolay da söhbətimizə qoşulur: “Azərbaycan dövləti biz ukraynalı uşaqları, xüsusən də müharibə zonasında yaşayanları, belə bir humanist addımı ilə çox sevindirib. Biz səhər tezdən reabilitasiya mərkəzində psixoloqlar tərəfindən təlimlərə cəlb olunuruq. Daha sonra maraqlı əyləncəli oyunlar, yarışlar təşkil edilir. Qəbələnin tarixi məkanlarına da baş çəkmişik”.
Digər qrup rəhbəri İnna Nazarenko qısa müddətdə uşaqların psixoloji problemlərinin aradan qalxdığını, özlərini tam rahat hiss etdiklərini, axşamlar rahat yatdıqlarını bildirir. “Qrupumuzda Xerson və Xarkov vilayətlərindən gələn uşaqlar var. Onlar illərdir ki, müharibə şəraitində yaşayırlar. Belə çətin şəraitdən sonra Qəbələ Uşaq Reabilitasiya Mərkəzində belə dincəlmək, müalicələrə cəlb olunmaq inanılmazdır. Burada təbiətin gözəlliyinə söz ola bilməz. Dağlar da bu gözəlliyə başqa bir möhtəşəmlik qatır. Burada hər kəsə xüsusi diqqətlə yanaşılır. Biz bu diqqət və qayğını unutmayacaq”, - deyə İnna bildirir.
Ukraynalı uşaqların Şəki və Şamaxı şəhərlərindəki tarixi yerlərə, muzeylərə ekskursiyalarının təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə Ukraynadan 500-dək uşaq və gənc ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.
Müxbir - Rasim İslamoğlu