Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
CAMCA Regional Forumunun əsas məqsədi investisiya imkanları, süni intellekt, iqtisadiyyat və digər aktual məsələlər ətrafında müzakirələri davam etdirmək, eyni zamanda, beynəlxalq tərəfdaşlığın genişləndirilməsinə töhfə verməkdir. Tədbir Azərbaycanda ikinci dəfə keçirilir. İlk forum 2018-ci ildə baş tutub. Müşahidələrimiz göstərir ki, builki tədbirə də böyük maraq var.
Bunu AZƏRTAC-a açıqlaması zamanı CAMCA-nın Müşahidə Şurasının sədri Fuad Kərimov deyib.
Onun sözlərinə görə, hazırda regionun investisiya imkanlarına beynəlxalq marağın artması müşahidə olunur.
“Ötən həftə Azərbaycanda mühüm beynəlxalq investisiya forumu keçirilib. Bundan əvvəl isə ilin əvvəlində ABŞ-də təşkil olunan tədbirə Azərbaycandan böyük nümayəndə heyəti dəvət edilmişdi. Hesab edirəm ki, həmin mühüm tədbirlər çərçivəsində başlanan müzakirələrin davamını bu gün burada görürük. Forumda əsas diqqət investisiya imkanlarına və beynəlxalq tərəfdaşlığın genişləndirilməsinə yönəlib”, – deyə Fuad Kərimov əlavə edib.