Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
CAMCA insanlara bir araya gəlmək, təcrübə mübadiləsi aparmaq, yeni əlaqələr qurmaq və qarşılıqlı ünsiyyəti gücləndirmək üçün geniş imkanlar yaradır. İnsan amili diplomatiyanın, azad sahibkarlığın, biznesin, özəl və qeyri-hökumət sektorlarının əsasını təşkil edir. Burada söhbət coğrafiya, bağlantı və rifahdan gedir. Bu amillərin əhəmiyyətinin dərk edilməsi bütövlükdə region üçün əsas məsələlərdən biridir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı ABŞ-nin “DGA-Albright Stonebridge Group” şirkətinin tərəfdaşı, Avropa və Avrasiya üzrə praktika rəhbəri Filip Riker bildirib.
Onun sözlərinə görə, Mərkəzi Asiya, Qafqaz, Monqolustan və Əfqanıstan daha böyük sabitliyə və rifaha nail olmaq üçün birgə əməkdaşlıq imkanlarını nəzərdən keçirməlidirlər. Rəqəmsal iqtisadiyyatın və yeni texnologiyaların inkişafından danışan Filip Riker qeyd edib ki, rəqəmsal dünya, texnologiyalar və süni intellekt böyük həcmdə enerji resurslarına ehtiyac yaradır.
“Buraya həm ənənəvi, həm bərpaolunan və yeni enerji mənbələri, həm də regionun zəngin olduğu kritik və strateji əhəmiyyətli faydalı qazıntılar daxildir. Əsas məsələ bu potensialı infrastruktura çevirmək, yalnız təchizat zəncirlərini deyil, həm də dəyər zəncirlərini birləşdirən və əlaqələndirən dəhlizlər yaratmaqdır. Dəhlizlər yalnız qatarların oradan keçməsi ilə deyil, onların ətrafında iqtisadi fəaliyyətin və iqtisadiyyatın inkişaf etməsi ilə uğurlu olur”, – deyə Filip Riker vurğulayıb.