Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Qafqazın yeganə türk dövləti olan Azərbaycan Türk dünyasında vacib rol oynayır. Türk dövlətləri arasında sarsılmaz birliyi təmin etmək və iqtisadi inkişafa nail olmaq üçün ticarət və investisiya əlaqələrini gücləndirmək vacibdir. Çünki iqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir. Qarşılıqlı iqtisadi asılılığın artması, əlaqələrin genişlənməsi və şaxələnməsi Türk dünyasının siyasi həmrəyliyini möhkəmləndirir, təşkilatın qlobal müstəvidə güc mərkəzinə çevrilməsini daha da sürətləndirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşündə söyləyib.
Kamran İmanov bildirib ki, hazırda TDT çərçivəsində əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, milli-mənəvi dəyərlər, təhlükəsizlik və müdafiə sənayesi kimi həyati sahələrdə dərinləşir.
“Bu gün Türk dünyası nəhəng bir coğrafiyanı və böyük potensialı əhatə edir. TDT-yə üzv ölkələrin ümumi ərazisi 4,2 milyon kvadratkilometrdən çoxdur, əhalisinin sayı isə 180 milyona yaxındır.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın iqtisadi göstəriciləri birlikdə nəzərdən keçirildikdə, TDT-yə üzv dövlətlərin məcmu nominal ümumi daxili məhsulu 2 trilyon ABŞ dollarını əhəmiyyətli dərəcədə ötür. Bu iqtisadi potensial vahid iqtisadiyyat kimi qiymətləndirilirsə, TDT üzv dövlətlər dünyanın təxminən 12 ən böyük iqtisadi gücü sırasında yer ala bilər. Bu böyük demoqrafik və ərazi potensialı, zəngin təbii resurslar, strateji nəqliyyat dəhlizləri və iqtisadi gücü Türk dünyasını qlobal siyasətdə söz sahibinə çevirir”, - deyə Kamran İmanov bildirib.
Agentliyin rəhbəri vurğulayıb ki, dövlətimizin başçısının 2026-cı il sentyabrın 17-də TDT-yə üzv dövlətlərin təhlükəsizlik məsələləri üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikir Birliyin vacibliyini və buna yönələn ölkələrimizin iqtisadi potensialının və qarşılıqlı maraqlarının möhkəmləndirilməsinin əhəmiyyətini aydın şəkildə ifadə edir: “Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir. Yəni ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”.
Kamran İmanov, həmçinin xatırladıb ki, Prezident İlham Əliyev sentyabrın 15-də TDT müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən, xüsusi olaraq vurğuladı: “Bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq”.
Professor Kamran İmanov dövlətimizin başçısının həmin görüşdə çıxışı ilə bağlı bu fikrini də xatırladıb: “Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs “Qurani-Kərim”ə qarşı o təhqiredici faktlar... Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi! Ona görə bu birliyə çağırış, sadəcə olaraq, şüar deyil. Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Avropa Şurasının üzvü olaraq biz bu ədalətsizliklərlə üzləşmişdik, üzləşirik və yəqin ki, üzləşəcəyik... biz hamımız birliyə çalışmalıyıq”.
Agentliyinin rəhbəri, həmçinin əlavə edib ki, dövlətimizin başçısının 2026-cı il sentyabrın 17-də səsləndirdiyi bu fikirlər də böyük maraq doğurur: “Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir və ona xüsusi əhəmiyyət verir”.
Professor Kamran İmanov çıxışında Azərbaycan Prezidentinin bu il sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə ənənə və mənəvi dəyərlərimizin qorunmasına aid bu fikirləri söylədiyini də diqqətə çatdırıb: “Əlbəttə, ölkələrimizin və xalqlarımızın daha bir oxşarlığını, yəni bizim öz mənəvi və milli prinsiplərimizə sadiq olmağımızı da qeyd etmək çox vacibdir. Əlbəttə, ölkələrimizdə milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür. Gənc nəslin ölkələrimizdə vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir.”