Zəngəzur Milli Parkında yetkin erkək və dişi bəbirin birgə fotoşəkilləri və video görüntüləri çəkilmişdir VİDEO
Bakı, 16 yanvar (AZƏRTAC). Cari ilin yanvarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi ilə birlikdə Həsən Əliyev adına Zəngəzur Milli Parkında keçirdikləri monitorinqlər zamanı foto-tələlər vasitəsilə yetkin erkək və dişi bəbirin birgə fotoşəkilləri, həmçinin video görüntüləri qeydə alınmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən ekoloji tarazlığın və biomüxtəlifliyin qorunub saxlanılması və əhalinin maarifləndirilməsi istiqamətində xüsusi önəm daşıyan addımlar atılmışdır. Ölkə başçısının ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi ardıcıl siyasətin davamı olaraq xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirməsində, intensiv ekoloji maarifləndirmə işlərinin aparılmasında və nəticə etibarilə bəbirin yaşaması, çoxalması, onun qida obyektləri olan iri dırnaqlı heyvanların sayının artması istiqamətində vacib addımlar atılmışdır.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın son illər Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş beş fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini vermişdir.
Həyata keçirilən tədbirlərin nəticəsində, son zamanlar xüsusi mühafizə olunan təbiət ərazilərində bəbirlərə daha çox rast gəlinir və onların özlərini təhlükəsiz hiss edərək sərbəst yaşamaları üçün şərait yaradılmışdır.
Mütəxəssislərin rəyinə görə, mütəmadi olaraq aparılan monitorinqlərin nəticələri Azərbaycan təbiətinin nadir heyvan növlərinin öz areallarına qayıtması prosesinin heç də təsadüfi xarakter daşımadığını deməyə əsas vermişdir.