MƏDƏNİYYƏT
“Moda”nın qonağı qeyri-adi və rəngarəng geyimlər müəllifi, modelyer Şəlalə Maqsudovadır VİDEO
Bakı, 21 aprel (AZƏRTAC, Pərvanə Rəhimova). Geyim insan üçün hər şey deyil. Amma çox şeydir. Çox vaxt insanların geyiminə baxıb onların xarakterlərini müəyyən etmək mümkün olur.
Gündən-günə müasirləşən və gözəlləşən Bakımızın sakinlərinin dəbə xüsusi marağı olduğu heç kəs üçün sirr deyil. Bütün böyük şəhərlərin sakinləri kimi, paytaxtımızda yaşayan insanlar da tanınmış brend geyim stilləri haqqında məlumat topladıqdan sonra öz tərzlərini yaratmağa başlayırlar.
Artıq Bakıda da insanların geyimi London, Tokio, Milan və Nyu-York kimi dəb paytaxtlarında mövcud geyim tərzindən çox fərqlənmir. Burda ən müxtəlif geyimli insanlara rast gəlmək mümkündür.
Tanınmış və sevilən modelyer Koko Şanelin sözlərinə görə, modanın iki əsas məqsədi vardır: rahatlıq və sevgi. Məhz bu iki əsas məqsədə nail olduqda moda gözəllik yaradır.
Dəbin hansı istiqamətdə və necə olacağına modelyerlərin təsiri çox böyükdür. Ölkəmizdə də modaya və modelyerliyə həvəsi olan istedadlı insanlarımızın sayı kifayət qədərdir.
AZƏRTAC-ın “Moda” layihəsinin növbəti qonağı bu sahədə qeyri-adi və rəngarəngliyi ilə seçilən geyimləri hazırlayan modelyer Şəlalə Maqsudovadır.
Artıq 10 ildir ki modelyerliklə məşğul olan Ş.Maqsudova, bu sahəyə marağının uşaqlıq illərindən başladığını qeyd etmişdir.
Modelyer Ş.Maqsudovanın kolleksiyası ilə tanış olarkən lentlərdən hazırlanmış geyimlər diqqəti xüsusilə cəlb edir. Altı ay müddətində hazırlıq prosesi keçən 120 audio və videokasetin lentlərindən ibarət geyimdə parçadan istifadə olunmamışdır. Bu geyim “Qaranlıq şahzadəsi” adlı fotosessiyada istifadə edilmişdir.
Bununla bərabər, modelyer kolleksiyalarında milli naxışların və ornamentlərin istifadəsinə də xüsusi önəm verir. Milli adət-ənənələrimizə aid tədbirlərdə milli geyimlərin dəbə qayıtdığını vurğulayan modelyer, təkcə qadınlar üçün deyil, kişilər üçün də milli elementlərdən ibarət geyimlər hazırlayırlar. Burada “Şah geyimi və papağı” diqqəti daha çox cəlb edir.
Modelyerin son “Ağ-qara” kolleksiyasında təqdim etdiyi geyimlər diqqəti xüsusilə cəlb edir. Ş.Maqsudova demişdir ki, bu il daha bir yeni kolleksiyasını təqdim edəcəkdir.
Modelyer, həmçinin ayaqqabılara da xüsusi və özünəməxsus dizayn verir. Onun qeyri-adi, rəngarəng parçalardan və qu tükündən hazırladığı ayaqqabılar böyük maraq doğurur.