MƏDƏNİYYƏT
Bakı şəhərinin sakinləri və qonaqlar üçün turlar həyata keçirilir VİDEO
Bakı, 19 iyun (AZƏRTAC). Şəhərimizin küçələrində ikimərtəbəli üstüaçıq avtobusları hər kəs görmüşdür. “City Sightseeing Worldwide” şirkətinin bu ikimərtəbəli üstüaçıq avtobusları aprel ayından Bakı şəhərinin sakinləri və qonaqlar üçün turlar həyata keçirir.
AZƏRTAC xəbər verir ki, tur Mədəniyyət və Turizm Nazirliyi ilə dünya brendi olan “City Sightseeing Worldwide” şirkəti arasında bağlanan müqaviləyə əsasən həyata keçirilir. Hər gün səhər saat 12:00-dan başlayan tur axşam 10:00-dək davam edir. Marşrutlar 15 dayanacaq üzrə hərəkət edir. “Azadlıq” meydanından başlayan gəzinti saat yarım davam edir. Şəhər turu üçün əldə edilmiş bileti 24 saat ərzində “hop on–hop off” sistemi ilə istifadə etmək olar. Yəni, hər kəs istənilən dayanacaqda düşüb növbəti avtobusla ekskursiyanı davam edə bilər.
Avtobuslarda ekskursiyalar xüsusi sistemlə yaradılmış avadanlıq vasitəsilə 8 dildə (Azərbaycan, rus, ingilis, ispan, alman, fransız, fars və yapon) səsləndirilir. Bunun üçün hər şəxsə avtobusa daxil olduqda qulaqcıq paylanılır. Tur müddətində internetə daxil olmaq istəyənlər avtobusun pulsuz Wi-Fi sistemindən yararlana bilərlər. “City Sightseeing Baku” şirkətinin təqdim etdiyi şəhər turuna çıxmaq üçün bilet alınmalıdır. Biletlər avtobusların daxilində, həmçinin Bakı Turizm İnformasiya Mərkəzində satılır.
Şəhər turuna çıxmaq istəyən yerli əhali 10 manat, xarici vətəndaşlar isə 20 manat ödəməlidirlər. Jurnalistlər (vəsiqəni təqdim etdikdə), otel işçiləri (vəsiqəni təqdim etdikdə), 6 yaşa qədər uşaqlar və əlil insanlar üçün giriş pulsuzdur.
Tur avtobuslar ilin bütün fəsillərində fəaliyyət göstərəcəkdir. Fəaliyyətini cəmi 4 turla başlayan “City Sightseeing Worldwide” şirkəti hazırda dünyanın 33 ölkəsinin 100-dən artıq şəhərində turistlərə və yerli əhaliyə şəhər ekskursiyaları təşkil edir.